Ədəbiyyat-Az.Com xəbər verir ki, may ayının 30-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilis şəhərində “Türkiyə-Gürcüstan Bektaşi Mədəniyyəti və Ozanlar Simpoziumu” keçirilmişdir.
İki gün ərzində gerçəkləşdirilən bu nüfuzlu beynəlxalq tədbirdə Gürcüstanlı elm adamları və ziyalılarla yanaşı, Türkiyədən, Azərbaycan və İrandan, eyni zamanda Dağıstandan, Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgələrindən də gələn elm və mədəniyyət xadimləri, sənət adamları iştirak edirdilər.
Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektor müavini, professor Mahmud Kamaloğlu tədbiri açaraq, Bektaşi Mədəniyyəti və Ozanlara həsr edilən simpoziumun bütün iştirakçılarını səmimiyyətlə salamladı, Gürcüstanda ilk dəfə belə bir nüfuzlu tədbirin keçirilməsini yüksək dəyərləndirdi.
TİKA-nın Gürcüstan nümayəndəliyinin, “Hacı Bektaşi Veli Kültür Derneği”nin və Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə baş tutan simpoziumun açılış mərasimində həmçinin TİKA-nın Tiflis koordinatoru Mustafa Korkmaz, “Hacı Bektaşı Veli Kültür Derneği”nin başkanı Mustafa Özcivan, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin rektoru, professor Omari Tabusadze, Türkiyə Cümhuriyyətinin Gürcüstandakı böyükelçisi Zeki Levent Gümrükçü, Dünya Söz Akademisi başkanı Hayrettin İvgin, Azərbaycandan gəlmiş professor Mahmud Allahmanlı və başqaları çıxış edərək, simpoziumun işinə uğur dilədilər. Bektaşi mədəniyyətinə həsr olunan simpoziumun insanlara məhəbbət və sülh aşıladığını, bu mədəniyyətin kökündə saf dəyərlərin durduğunu, aşıqların isə bu mədəniyyəti xalqlarımız arasında yayaraq yaşatdıqlarını söylədilər.
Türkiyəli qonaqlar və Gürcüstan-Ukrayna Universiteti rəhbərliyi tərəfindən simpoziumun təşkilində xüsusi əməyi olanlara xatirə hədiyyələri və plagetlər təqdim olundu.
Tədbir iki gün ərzində panel iclaslarda işini davam etdirdi.

Qiymət MƏHƏRRƏMLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
Tbilisi şəhəri