Seymur

Orta məktəbdə bir sinifdə oğuduğum,
sonrakı illərdə də dostluğu və səmimiyyəti qoruyub saxladığım,
Vətən torpaqları uğrundakı 4 günlük (1-4 aprel)
müqəddəs savaşda igidliklə vuruşaraq
şəhidlik zirvəsinə yüksəlmiş
Baxışov Seymur Qulamhüseyn oğlunun əziz xatirəsinə

Yurda bir təhlükə, hədə gəldimi,
Bir kimsə əyməsin qəddini gərək.
Zaman yetişdimi, vədə gəldimi,
Düşmənə bildirək həddini gərək.

***

Arxanca dolaşan ölüm kabusu,
On ildə yüz kərə yandan sovuşdu.
Qeyrəti zirehtək geyib əyninə,
Qadadan sovuşdun, qandan sovuşdun.

Bu dəfə Tanrıdan gəlmişdi əmrin,
Şəhidlik şərbətin camda hazırdı.
Hazırdı ən uca zirvəsi ömrün,
Yetəcək olduğun kam da hazırdı.

***

Qartaltək şığıdın düşmən üstünə,
Yetər murdarlandı bu torpaq dedin.
Yağılar birləşib dura qəsdinə, –
Bir daha yenilməz bu bayraq dedin.

Bizə bəs eyləyər bizim olanlar,
Özgə süfrələrdə gözümüz olmaz.
Dünyanı başına eyləməsək dar,
Onda danışmağa sözümüz olmaz.

“Böyük” danışmasın qoy “bala yan”lar,
Haqqın, ədalətin divanı öndə.
Eli viran qoyub, yurd talayanlar.
Görəcək müqəddəs davanı ondə.

***
Beləcə müqəddəs savaşa girib,
Verdin yağıların dərsini, Seymur.
Torpaq hərisini torpağa sərib.
Göstərdin dünyanın tərsini, Seymur.

Vətəndi insana əzəmət verən,
Bitib-tükənməzin, sonsuzun – Vətən!
Vətəndi qoluna güc-qüvvət verən,
İlk sözün Vətəndi, son sözün – Vətən!

(davamı olacaq)

Ershad Nihad

şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü