Tiflisdə ikinci dəfəydi ki, elmi konfransda iştirak edirdik. Həm oturum başkanı olduq, həm də elmi məruzəylə çıxış etdik. Belə tədbirlər olduqca böyük əhəmiyyət daşıyır, ən azından ona görə ki, Türk Dünyasının elm, mədəniyyət və incəsənət xadimlərinin bir-biri ilə bölüşəcəyi hələ çox ortaq dəyərləri var. Biz sevincimizi, sevgimizi bölüşdükcə böyük oluruq, artırıq, çoxalırıq, daha da möhtəşəm oluruq. Kədərimizi bölüşəndə, onu yenirik, daha üstün, daha yetkin, daha dözümlü oluruq.
Tiflis simpoziumunda əski dostlarımızdan professor Nail Tanla, Hayrettin İvgin bəylə yenidən görüşdük. Dost simaların sayı artdı. Yeni dəvətlər aldıq. Öz növbəmizdə Türkiyəli həmkarlarımızı, dostlarımızı da Can Azərbaycanımıza dəvət etdik. “Haçan gəlsəniz, gözümüz üstə yeriniz var”, – dedik. Gələcəklər, hökmən gələcəklər. Biz də gedəcəyik. Çünki “Türkiyə ilə Azərbaycan – iki bədəndə bir can!” – demək!
Qiymət MƏHƏRRƏMLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
Tbilisi şəhəri