Bu səfərimiz daha iki yaddaqalan ziyarətimizlə xatirəyə çevrilib yaddaşımıza yazıldı. Rustavidə yaşayan əzizlərim Maya xanım və Nizami bəy olduqca savab bir iş gördülər. Sən demə, Bakıya dönəcəyimiz günün birigünü Başkeçidli mərhum ustad Aşıq Aslan Kosalının oğlu Musanın vəfatının 40 günü tamam olurmuş və dostlarımızın səyi nəticəsində Aşıq Aslan Dədənin ocağına gedib, oğlu Pərvizə və digər doğmalarına başsağlığı verməyə də imkan tapdıq.
Bu müqəddəs ocaq bizə olduqca doğmadır, çünki burada bir neçə il öncə biz Aşıq Aslan Kosalının özünün qonağı olmuş, çörəyini kəsmiş, dilləndirdiyi qara sazının sehrinə düşmüşdük. Bu gün isə bu ocaqda övladları onun xatirə-muzeyini yaratmışlar. Var olsunlar! Ruhu şad olsun Aslan Dədənin!
İkinci bir ziyarətimiz isə Borçalının çox sevilən el şairi Zahid Ələmpaşalıya baş çəkməyimizlə yerinə yetdi. Şair yaman naxoşlayıbmış az müddət öncə… Sağ olsun Nizami bəy, əvvəlcə soraqlaşa-soraqlaşa maşınla bizi düz aparıb çıxardı Zahid Ələmpaşalı ocağına. Orada öyrəndik ki, şair hal-hazırda qızı Gülnarə xanımgildədir. Üz tutduq nişan verilən səmtə. Şairin gəlişimizdən necə sevindiyini sözlə ifadə etməkdə acizəm. Tanrıya şükürlər olsun ki, belə bir imkanı bizə verdi. Atalardan bir məsəl var, deyir, bir könülü sevindirmək Kəbə evni ziyarət etməyə bərabərdi. Elə bilirəm, biz bunu bacardıq. Şükürlər olsun…
Qiymət MƏHƏRRƏMLİ,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gürcüstan bölməsi üzrə xüsusi müxbiri,
Tbilisi şəhəri