Mayisə ƏSƏDULLAQIZI.”Çiçək satan uşaqlar”

mayisexanim

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı

Rayonlarımıza səfər edərkən, yol kənarında dayanıb, yaz-yay aylarında əllərində çiçək tutub satan uşaqlara həsr eləmişəm.
Göz açıb dünyanı alışan görüb,
Adəm övladını çalışan görüb,
Xeyiri şər ilə çarpışan görüb,
O körpə qəlbində hey haray salar.
Əkdiyi güllərin qeydinə qalar.
Əlində gül tutub yol kənarında,
Bəlkə də ürəyi yanır alovsuz.
İndidən yer alıb qəm məkanında.
Bəlkə də çoxdandı çörəksiz-susuz.
Yaşamaq istəyir o da, adam tək,
O sinə gərəcək tufana, qara,
Keçmişi qalacaq bir gülsatan tək,
Zəfər çalacaqdır qasırğalara!!
Birinin əlində gül, heykəl olub,
Gözlərini yumub, yatan görmüşəm,
Saflığı özünə bir əngəl olub,
Dərdi-qəm içinə batan görmüşəm!
O kimdi? Bilmirəm, qəlbiaçıqdı,
Başqadı, ürəyi, adı, yeri də,
Gül satıb, haqqını qazanacaqdı,
Əzəldi saflığı, həm hünəri də!
Elə çığırır ki, “çiçək var, çiçək!”
Göylərdə alışan tüstümə gəlin,
Ürəyində vardı min arzu-dilək,
Sanki çığırır ki, üstümə gəlin!
Arzum budur sənin həyat yolunda
Nə dərdin, kədərin, məlalın olsun,
Kövrək şairənin dualarından,
O ananın südü halalın olsun!