Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Sarı idi saçlarının rəngi də,
Oturmuşdu qamətinə əlbisən.
Xeyirdimi, əllərində gül-çiçək,
Yar, mənimlə görüşdənmi gəlmisən?
Söylədimmi nə gözəlsən bu səhər?
Dedimmi ki, günəş səndən od alır?
Sənə görə ağaclarda meyvələr,
Ətirlənir, tama gəlir, dad alır.
Dedimmi ki, dəniz deyil gözlərin?
Dedimmi ki, dəniz qədər dərindi?
Söylədimmi, dodaqların od kimi,
Öpüşünlə nəfəsimi dər indi.
Sarı idi saçlarının rəngi də,
Oturmuşdu qamətinə əlbisən.
Söylədin ki, hərə dəngi-dənginə,
Söylədin ki özgəsini sevmisən.
Söylədin ki …eh doğrusu duymadım,
Kabus deyil bir çimdiyə oyanam.
Söylədin ki…
Ürəyimlə oynadın!
Ayağımı hiss etmədim dayanam.
Atıb məni zülmətlərin ənginə,
Əl sallayıb o gün getdin belə sən.
Son kəz baxdım saçlarının rənginə,
Addım-addım yelləndikcə əlbisən…