Esmira

Həftənin beş günü işə getməli idim. Ona görə də hər həftənin altıncı günü atamla anama baş çəkmək üçün bağa gedirdim. Haçan getsəm eyvanda bir məstan pişik görərdim. Yenə də orda idi. Anam onu görcək: – Xoş gəlmisən! – deyib onu yedirtdi. Çox keçmədən pişik qəfildən tüklərini qabardıb qaçdı. Arxaya dönüb baxanda iki qəhvəyi rəngli it gördüm. Anam onları görən kimi: – Qaragöz, Mərcangöz bu da sizin – deyib onları da yemlədi. Təəccüblə ondan soruşdum:
– Axı sən heyvansevər deyildin, nə oldu sənə?
– Neyləyim, sizdən öyrəndim. Axırda məni də öz tayınız elədiz. Həm də burda darıxanda onlarla başımı qatıram.
– Nə qəşəng itlərdir!
– Hələ biri də var, onu görsən lap ürəyin gedəcək! Elə qəşəngdir, ağappaq pambıq topasına oxşayır. Gözləri də qapqaradır.
– Balacadır?
– Yox, balaca deyil.
– Qocadır?
– Yox, qoca da deyil.
– Yaxşı bu it balaca deyil, qoca da deyil, bəs bu hansı yaşdadır?
Anam mənə sataşmaq üçün bəhanə tapmışdı. Vəziyyətdən yararlanıb fürsəti fovtə vermədi:
– Bilirsən, o nə balacadır, nə də qoca. Elə sən yaşda olar!