Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyinin üzvü Mayisə Əsədullaqızının sayca, üçüncü olan “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı artıq geniş oxucu kütləsinin və onun şeirlərini sevənlərin, yaradıçılığını izləyənlərin ixtiyarındadır.
Zamana müntəzir hissləri ədəbi yöndə cilalamaq təkcə sadə-vizual seyrçilik kəsb etmir, həm də ədəbi-ictimai pa¬radokslar yaradır. Tarixi zəminlərin ictimai təcəllası da tor¬paq-yurd aspektləri üzrə mümkün əhatə cızır… Zənni¬mizcə, fəal ictimaiyyətçi, mübariz xanım, istənilən düşün¬cə¬sində vətənpərvərlik məqsədi aşılayan Mayisə Əsədul¬laqızı poeziyasını da zamanın (vətənpər¬vər ruhda ömrün) bir simvolu kimi xarakterizə etmək olar. Açığı, onun şeirləri, xüsusən də çap mərhələsində olan yeni kitabı da mahiyyət etibarilə elə bu məqsədə güzgü tutub. Kitaba daxil edilən şeirlərdəki ictimai-lirik amil, duyğuda təzahür edən fəlsəfi hiss milli xarakterə uyğundur və müəllifin zaman meylləri dürüst məntiqə yol açmaq üçün ciddi cəhddədir. Kitabdakı şeirlərin əksərinin Vətən, torpaq ruhlu olması, burada şəhidlərə ehtiram ciddi münasibətdən qaynaqlanır. Mayisə xanımın (əslində) Vətən haqqında söz deməyə mənən haqqı çatır və buna onun yüksək səviyyəli və-tənpərvərlik hissləri də səlahiyyət verir… Kitabda başlıca ictimai qayə bütünlükdə Vətən məğzinə müəl¬lif-vətəndaş sevgisi ilə xarakterizə olunur. Bu sevgi ilk şeirlərdən özünü qabardır, müəllifin mübarizlik faktoru – bu geniş vadidə cərəyan edən hadisə və proseslər ruhsal yanaşmalıdır. Qısası, kitaba daxil edilmiş şeirlər hamısı öz salxarı, məna və məzmunu ilə müəllifin insan-şair dürüstlüyünə əsaslanır. Ən maraqlısı odur ki, kitabda gələcək üçün istinad göstərə biləcəyimiz mü¬hüm tərzlər əhatəli və cilalanmış şəkildə əksini tapıb – yəni Mayisə xanım tərzlər xüsusunda uyğun səmt tapıb, bu zəmində işıqlı gələcək kəşf edib. Mayisə Əsədullaqızının yeni kitabı ümumi əhvalda ictimai-lirik təcəssümlüdür. Lakin buradakı şeirlərin əksərində mübariz ovqat digər zəminləri üstələyir:
Əsgərlərimin himni ədalət nəğməsidi,
Səngərlərin igidlər, ərənlər nənnisidi.
Mübarizin, Ramilin əməli haqq səsidi,
Bir kəlmə şüarı var, dilində, dodağında,
Hamımız çalışırıq Azərbaycan uğrunda!..
Bir bəndini nümunə gətirdiyimiz “Azərbaycan uğ¬run¬¬da!” adlı şeirdə müəllifin müşahidə qabiliyyəti ilk baxış¬dan oxucuda maraq yaradır. Səngərlərin nənni kimi təsviri, digər qabarıq-zəruri aspektlər şeirin ovqatını və salxarını artırır.
Qarabağ kədərim,
Qarabağ şanım,
Həm dərdim, sevincim,
toyum-nişanım…
Və ya:
Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!
Müəllif, Vətən ruhlu şeirlərinə dürüst həyata baxış verib, bu şeirlərin ictimai təcəssümü zamana uyğun gerçəklər əxz edir: burada Qarabağın “Şəhid qanı hopmuş qara torpaq” versiyası ən adi hisslərimizi belə yaddaşımıza bərkidir. Bu və bu kimi şeirlərdə etinas¬ızlıq və diqqətsizlik halları qətiyyətlə pislənir; müəllif zaman xassələrinə eyham səpən yanaşmaları ilə cəmiyyət meyllərinə bir az da ictimai ovqat qatır.
Vətən torpağı, canı,
Havası, suyu, qanı…
Qürur doğuran hisslərə aludəçilik poeziyada çox az əhatə cızır. Mayisə xanım (bu baxımdan) idrakında Vətən meylləri qabartmaqla bu əhatədə bir genişlik tapmaq istəyir. Zənnimizcə, kitab boyu nizama saldığı mübarizə çək-çevirləri bu cəhdə qapı aça bilib.
Şəhid verdi torpağımız, alışdı yandı bağrımız,
Od tutdu Qarabağımız, yazıldı qara baxtımız…
Təbii ki, insanın yaşantıdan ölümə keçdiyi yer Tanrı dərkidir. Heç kim o əhatədə yol axtara, zaman tapa bil¬məz. Məhz Mayisə xanımın özündə ağrı-acı ilə tərpə¬niş tapan bu tərz şeirləri də məlum həqiqəti əks etdirir.
Onun: “Şəhidlər Xiyabanı – Mənim Məkkəm, Mədi¬nəm!” – fikri də ölümün keçdiyi əhatədən Tanrı dərgahına səmt aramaq missiyası kəsb edir. Oxucu bu zərurətin ictimai məğzində həyat elementləri tapır, ruhi qatında fəlsəfi-mifik təzahürlər. Kitabda “Vətən”, “torpaq”, “Şə¬hid”, “Düşmən” kultları öz müstəviləri üzrə sabitlik tapır. Müəllif onları ayrı-ayrılıqda bir az fəlsəfi, bir az da ictimai zəminlərlə yükləyir, yaddaş¬larda bir mübarizə ocağı çatır. Açığı, onun Vətən ruhlu şeirlərinin hamısında bu ocağın közü var.
Mehdi, Həzi yetiribdi, bu torpaq,
Qəhrəmandı hər döyüşdə, üzüağ,
Öndərlərin yolu bizə bir çıraq,
Gəlin, bu yollarda, birlikdə olaq!
Bu səmimi çağırışın özündə də bir hayqırtı qabarır; müəllif «Öndərləri yoluna çıraq, Mehdisi, Həzisi ba¬sılmaz qala olan xalqını» birləşməyə və Vətən uğrunda bir olmağa səsləməklə vətəndaş yanğısına rahatlıq suyu səpir və hamını əmin etməyə çalışır ki:
Yüksəlir sədası hər gün ordumun,
Mübarizi, Ramili var yurdumun!
Dərəsinə, dağına qəlb aşıqdı.
Cizgiləri zəngindi, qarışıqdı,
Əcəmisi, Səttarı yaraşıqdı,
Könlüm bu gözəlliyə sarmaşıqdı..
Doğrudan da könlü gözəlliklərə sarmaşıq olan Mayisə xanım şeirlərinin əksərində bu təşnəliyə qucaq açıb. Ayrıca, müəllifin
Bir kimsənin yurduna,
Toyuğuna “kiş” demədik.
Gözünə “şiş” demədik fəryadı “Şuşa dağlarındakı, nəğmələrin sədası, uçan quşlarda qaldı! Dərdi qışlarda qaldı!” naləsi kimi səciyyə tapır və bu acı sinələrə köz basır. Maraqlıdır ki, Mayisə xanımın Vətən ruhlu şeirlərindəki acı ictimai xarakterli şeirlərində də eyni səciyyə daşıyır:
Gecə düşür, çöl soyuq,
Şaxtadan naxış düşüb,
Divara oyuq-oyuq.
Bir qadın gördüm bu an,
Dedi ki, “carəsizəm…”
Bir bəndinə baxış sərgilədiyimiz «Çarəsiz qadın» ad¬lı bu şeirdə vahimə dolu ictimai çalar var: şeiri oxuyub qurtarana qədər adam min hala düşür, min əhvala bükülür, sonra da obrazın ağrısına tuş gəlir və özü o ağrı ilə bişir. Müəllifin «Dilənçi qadın», “İntihar qoxusu” və s. kimi şeirləri də bu aspektdədir:
Belə danışma, adam,
Mənə cəhənnəm qorxusu gəlir!
Fikrini dəyiş, qadam,
Səndən,intihar qoxusu gəlir!
Bax, dərdi təsvirə çəkmək, onu ürəyə sadəcə yük yox, həm də naxış etmək budur! Kitabda lirik əhvala da yer ayırılıb:
Həzin bir yalvarış kimi,
Qəfil yağan yağış kimi,
Bəxtə düşən naxış kimi,
Sevgi dolu baxış kimi
Hisslərimi duyarmısan?
Məni məndən alarmısan?
Ürəyimdə qalarmısan?
Bu və bu kimi lirik ovqatlı şeirlərdə müəllif ürəyə yol, cığır, səmt tapmaqla xoşhal olur. Onun lirik səciyyəsi ömür sayğacında zaman diyircəklərini işə salır, sevgi hisslərindəki çat qorxusu fikrin dəqiqliyinə fəlsəfi yön verir. Xoşagələndir ki, Mayisə xanımın lirika təzahüründə sərt reallıq qədər həzin, mülayim bir gerçək də var; sanki o, taleyin-həyatın hicran qoxu¬sun¬dan bir qədər uzaqlaşıb, insan-cəmiyyət zəminlərinə yaxınlaşır…
Bilirsən gecə nədir?
Bir sevgi nəğməsidir,
Yaxası açıldımı,
Astarı söküləcək.
Ayrıldıq…Səninçün canım sıxıldı…
Bilmirəm, sehirsən, mehirsən, nəsən,
Mənim çəkdiyimi nə biləsən sən…
Mayisə xanımın lirik baxışı, ictimai tipiklikdə də realdır. Bu baxışda həyat və tale təzahürü zəruri-effektiv səciyyə kimi qabarır. Müəllif bu sistemli yanaşma ilə cəmiyyətin ictimai təzahürlərinə uyğun təsnifat verir, həyat tiplərini maraqlı statuslar kimi təqdim edir. Kitabda fikir duruluğu, məzmun sistemi ilə fərqlənən bir sıra şeirlər də, onun fikir təqdimetmə dürüstlüyünə işarədir. Kitabda elə ruhda şeirlər də var ki, onlarda cürət, müba¬rizə məğzləri qabarıq şəkillidir, hisslərin yüksək pillədə qərar tutmasına ünvan verir. Bu şeirlərdə, ZAMAN obrazı görürük və bu obrazda demək olar, hər şey öz kreativliyini saxlayıb… Müəl¬lifin yeni kitabına daxil etdiyi şeirlərinin bir çoxunu insan-şəxsiyyət məsələlərinə örnək seçə bilə¬rik. Bu tip şeirlər əslində, cəmiyyətimizin yeni nəslə ya¬naş¬ma prinsiplərinə düzgün istiqamət verən dürüst, sağlam ideoloji düşüncə cəmidir. Bu şeirlərdə həyatın da, taleyin də, onları əhatə edən ətraf mühitin də, aydın obrazları var; elə bir obrazlar ki, gələcəyə addım səsləri salır, yüksəliş yollarının bütün səmtlərindən görünür. Əminik ki, Mayisə xanımın bu şeirlər kitabı da, oxucu yaddaşına təsir gücü ilə diqqət çəkə biləcək. Yolunuz daim işıqlı olsun, Mayisə xanım!
Hikmət Məlikzadə
Prezident təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.