vy

Hər gecə qismətimə
düşür səmalardan pay,
Gecənin sahibi, – ay,
qəlbimdə qurur saray…

Bu möhtəşəm sarayda,
üzü səmaya baxan
Kiçik bir pəncərədən
uzaqlara boylanıb
Axtarıram hər yanı,
itirdiyim dünyanı…

Saray pəncərəsindən
boylanan iki gözüm
Bir nöqtəyə zillənib
baxır ömür yoluna.
Gələcəkdən xəbərsiz
qalmağa olmur dözüm,
Dözüm olmur taleyin
növbəti oyununa…

Neçə sual cavabsız,
gecə uzun, mən oyaq,
Qonaq olur qəlbimə
gecə vaxtı qəm, kədər.
Yuxusuzluq içində
dolaşıram bu sayaq,
Tənhalıqdan yorulmuş,
ümidsiz və dərbədər…

İntizarım böyüdür
içimdəki azarı,
Gözlərimin önündən
keçir qatil saatlar.
Bir az soyuq yel əsir,
üşüyür gecə yarı
Ayrı düşmüş sevgilər,
hicran dadmış həyatlar…

Sönür qəlbimdəki ay,
düşür qatı qaranlıq,
Dolub yorğun beynimə
fikrimi qarışdırır.
Unuduram hər şeyi,
unuduram bir anlıq,
Üfüqdən doğan günəş
gözümü qamaşdırır…

Dan sökülür, səhərin
al şəfəqi görünür,
İsinir ürəyimdə
donub qalmış duyğular.
Beləcə gələcəyə
yenə ümid yaranır,
Nə yaxşı ki, gecənin
sonunda bir sabah var…