mayisexanim

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı

Ailədə beş uşaq olmuşuq. Kənddə, Əmircanda (Xilə) 4-5 küçə hamı qohum-əqrəbə olub. Nöyütlü, mazutlu gölün kənarında yaşadığımıza görə, dəfələrlə ağır yanğın qəzaları ilə üz-üzə qalmışıq. Dəqiq yadımdadır. Yeddinci sinfi bitirmişdim. Bu vaxtlar idi. Hava bürkülü idi. Axşamüstü saat 5-6 radələri olardı. Atam hələ işdən evə gəlməmişdi. Hamımız həyətdəki ağacların sərinliyində oturmuşduq. Xəstə babam da, o vaxtkı dəmir yaylı çarpayıda, açıq havada, sərinlikdə uzanmışdı. Ağır xəstə olmağına, gəzməkdə çətinlik çəkməyinə baxmayaraq, ömrünün sonuna kimi əlinə çəlik götürmədi. Birdən gözləmədiymiz qara, tüstülü, bəzən narıncı rəngə çalan alov dilləri başımızın üstünü aldı. Qohum uşaqlar, qonşular hamısı canlarını götürüb, qaçdılar. Təbii ki, belə də olmalı idi. Düzü, çaşıb qalmışdıq. Yadıma düşdü ki, babam dəfələrlə danışmışdı ki, lap keçmişdə burda buruq qazıblar (hətta bir mayakı su batırıb, amma, görünməkdədir) sonra necə olubsa, işi dayandırıblar. Suraxanı neft mədənlərində və qonşu kəndlərdə tez-tez güclü yanğınlar olarmış. Çünki, torpaq və gölün üstü qara yağlı mazutla dolu olurdu. Nə isə….Alov qızmış şir kimi hücuma keçmişdi. Hamı canını götürüb küçə ilə üzüyuxarı, Əmircanın dəmiryolu tərəfə qaçırdı. Anam da 2 yaşlı bacımı, nənəmi götürüb, qonşu küçədən atamın qoca xalasını və ata-anası işdə olan xala nəvələrini evdən çıxartmışdı. Hamı çaşıb qalmışdı. Bu arada mən geri qaçıb, tüstünün içindən seçilməyən rəhmətlik babamın köynəyindən dartıb, qucağıma götürməyə çalışdım. (Gəzə bilmirdi) Təsəvvür edin, babamı yarıyacan möhkəm-möhkəm özümə sıxmışam, gedirəm, bircə ayaqları yerlə sürünür. Birdən qıpqırmızı alov dilləri məni də, babamı da, cənginə aldı. İkimiz də torpaq yola yıxıldıq. Heç nədən qorxmayaraq, tez ayağa qalxıb, yenidən babamı yarıyacan qucağıma alıb, qara tüstünün içi ilə, 25-30 metr irəlilədim. Elə bu vaxtı anama, bacı-qardaşıma, qohumlara rast gəldim. Demə, hamı, elə bir yerdə irəliləyir, tüstüdən heç kəs, heç kəsi görə bilmirmiş…Sonra, iş-işdən keçəndən sonra, həyət-baca yanandan sonra, Suraxanıdan yanğınsöndürənlər mübarək qədəmləri ilə, təşrif buyurdular, onlar da neçə dəqiqə hazırlıq keçib, sonra müqəddəs su şlanklarını yanğına tərəf tuşladılar. Həmin gecəni, qadınlar, uşaqlar Bülbülədəki qohumlargildə qaldıq. Kişilər isə, həyəti, küçəni sahmana salmaqla səhəri açdılar….Çox yaddaqalan və tarixi hadisələrlə üzləşmişəm, Allah qismət eləsə, kitab halında cəmləşməlidir…