Soruşursan, ,,dərdin nədir, ay şair?”
Vallah, dərdim deyiləsi dərd deyil.
Deməyim hansını, deyim hansını?
Vallah, dərdim deyiləsi dərd deyil!
Xəyal edib düşünürəm bir anlıq,
Kimdən qalıb hiylə, böhtan, nadanlıq?
Görürəmsə yaxşılığa yamanlıq,
Vallah, dərdim deyiləsi dərd deyil!
Qan ağlayır, gildir-gildir hər didə,
Haqsızlıqdır, yaxşıları şər didə.
Mərdi qovan namərd edir mərdi də,
Vallah, dərdim deyiləsi dərd deyil!
İnsan oğlu bu həyatda düz gərək,
Bir biçməkçün, əvvəl ölçə yüz gərək.*
Dost sarıdan tapdanırsa duz-çörək,
Vallah, dərdim deyiləsi dərd deyil!
Heç bilmirəm, bu həyatda nə sirsə:
Yıxır səni, kimin üstə əsirsən*.
Əl tutduğun əllərini kəsirsə,
Vallah, dərdim deyiləsi dərd deyil!
Ən yaxının bilirsənsə sən, kimi:
Artır sənə həm qəzəbi, həm kini.
Gündən-günə dərdlər üzür Təmkini,
Vallah, dərdim deyiləsi dərd deyil!