TƏRCÜMEYİ – HAL

Firdovsi Cəfərxan (Firdovsi Cəfərxan oğlu Kazımov) 1955-ci ilin mart ayının 25-də Zəngəzur mahalının Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Rusiya Federasiyasının Krasnodar Politexnik İnstitutunun Texnologiya və Dərbənd Humanitar İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Müəyyən vəzifələrdə çalışmışdır. Hal hazırda “Yeganə Yol” Beynəlxalq, ictimai, siyasi, hüquqi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur. Yüzlərlə lirik, publisistik və ictimai-siyasi məqalələrin müəllifidir. “Səndən qalan bir sevgidir” şeirlər kitabı, “Hardan gəldi bu sevda” povesti, “Ölmə…ölsən, məni də götür”, “Taleyimdən qorxuram” romanları, “Dil açıb dillənən könlüm” və “Bir ömür yetməz” adlı şeirlər kitabları işıq üzü görmüşdür. “İnsanlıqdan keçən yol” adlı elmi-publisistik külliyyatı isə oxucularla növbəti görüşüdür. AJB-nin üzvüdür, “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”, Nizami Gəncəvi adına “Bəşəri sərvət” və bir çox başqa media mükafatlarına layiq görülmüşdür.

BİR SEVDA SORAĞINA

O gün ki gəlmiş idim
Bir sevda sorağına,
Dedim, bəlkə, yazarsan
Qismətin varağına.
Görməmiş deyildin sən
Kövrəlib, dolmağımı.
Aram-aram süzülən,
Çağlayan bulağımı.
Od alan baxışından
Nəfəsim tutulmuşdu,
Ürəyim həyəcandan
Susmaqla qurtulmuşdu.
Eşq odunda hazırdım,
Yanım pərvanə kimi.
Baş götürüb dünyadan
Qaçım divanə kimi.
Bu sevdaya baxırdım
Varım, həm yoxum kimi,
Şum altında bəslənən,
Cücərən toxum kimi.
Qisməti yazan yazsın,
Biz axı nə karəyik?!
Yazan inanma, pozsun,
Pozsa da, biçarəyik.
Qədər belə tuş oldu
Dəli-dolu bir yelə.
Dərdi alıb çiynimə
Dolaşdım eldən-elə.
Beləcə gəlib çatdım
Qışın oğlan çağına.
Meyvələrin don vurmuş
Bir qəribin bağına.
Məni yandırıb yaxdı,
Qəlbimin sönməz ahı,
Bilə bilmədim nəymiş,
Bu sevdanin günahı.
Düşündüm, çətin dönəm
Bir də ötən çağlara,
Bu üzdən mən üz tutdum
Başı qarlı dağlara.

BİR ÖMÜR YETMƏZ

Neçə qışı, neçə yazı keçmişəm,
Əldə dəryaz neçə zəmi biçmişəm,
Buz bulaqdan doyunca su içmişəm,
Ölsəm belə bu sevda yenə bitməz,
Səni sevməyimə bir ömür yetməz.

Bu çöllərdə xəzan oldum, yel oldum,
Dərələrdə coşub-daşan sel oldum,
Yurd yerindən perik düşmüş el oldum,
Düşündüm ki, ürək dözər, ya dözməz?!
Səni sevməyimə bir ömür yetməz.

Qismətimi aramaqda dirəndim,
Sonu bitməz həsrətimə bələndim,
Bulud olub, hər an dolub, ələndim,
İllər məni dəli edər, ya etməz?!
Səni sevməyimə bir ömür yetməz.

O vaxt ki, həyatda tənhaydım, təkdim,
Qəlbində bir kədər toxumu əkdim.
Dərdin piyaləsin başıma çəkdim.
Bu sevda başımdan gedər, ya getməz?!
Səni sevməyimə bir ömür yetməz.

Firdovsi, şeh düşüb çəmənə, çölə,
Ahular qayıdır əvvəlki gölə.
Tənha bir qu üzür, qorxuram ölə.
Duman bu dağlardan ötər, ya ötməz?!
Səni sevməyimə bir ömür yetməz.

XANIMLAR XANIMI

Boylanan üfüqdən, sökülən dandan,
Bir şir ürəklidən, bir təmiz qandan,
Eylədi seçimin Ulu Yaradan,
Xanımlar xanımı Zərifə xanım.

Gəlmədin heç zaman bir sözə, dilə,
Bənzərdin bənzərsiz zərif bir gülə,
Yetişdin sevdalı şeyda bülbülə,
Xanımlar xanımı Zərifə xanım.

Əsərdi küləklər aramsız, sərin,
İdrakın, kamalın dərindən, dərin,
Insanlığa layiq uğur, zəfərin,
Xanımlar xanımı Zərifə xanım.

Əvəzsiz yar idin, əvəzsiz ana,
Aləm bir yanaydı, ailən bir yana,
Heydər həyatıyla bağlıydı sana,
Xanımlar xanımı Zərifə xanım.

Sən bir arxa idin dədə Heydərə,
Qoymazdın, şmrünü versin hədərə,
Qaneydin verilən qismət-qədərə,
Xanımlar xanımı Zərifə xanım.

Döyünən ürəyin, yaşayan canın,
Damarda çamlayan, kükrəyən qanın,
Taleyin jlmuşdu Azərbaycanın,
Xanımlar xanımı Zərifə xanım.

Şmründən, günündən hey itirərdin,
Əzilmiş qəlblərdə gül bitirərdin,
Tutulmuş gözlərə nur gətirərdin,
Xanımlar xanımı Zərifə xanım.

Analar anası, borcluyuq sana,
Övlad böyütdünüz layiq vətənə,
Vətənin əbədi Prezidentinə,
Xanımlar xanımı Zərifə xanım.

Xalqın alqışıyla kükrədiz, coşduz,
Nurlu sabahlara nəğmələr qoşduz,
Haqqın dərgahında haqqa qovuşduz,
Xanımlar xanımı Zərifə xanım.

SƏNDƏN SONRA

Dünya gözümdə ələndi,
Kədər ömrümə bələndi,
Könlüm dil açıb dilləndi,
Səndən sonra, səndən sonra.

Güllü-çiçəkli yaz idi,
Kədərim, qəmim az idi,
Sənsiz ömrüm çox nazildi,
Səndən sonra, səndən sonra.

Dağları duman, qar alıb,
Həsrət içimdə yurd salıb,
Səbrim tükənib, daralıb,
Səndən sonra, səndən sonra.

Ölüm sanki bir çapardı,
Məni yox, səni apardı,
Ahlar qəlbimi qopardı,
Səndən sonra, səndən sonra.

İlləri yola salmışam,
Tənha, sərgərdan qalmışam,
Bilsən, necə qocalmışam,
Səndən sonra, səndən sonra.