mm

Rəssamın sözü rənglər,
Yazarın rəngi sözdür.
Dilin, gözün, ürəyin,
Düyğunun dəngi sözdür.

Yığılır gilə-gilə,
Fikirdən axır dilə.
Yaranışdan cism ilə,
Ruhun ahəngi sözdür

İnsandır sözə məkan,
Odur xəzinə, ümman,
Bayatı, layla, dastan,
Muğamat, cəngi sözdür.

Ürəyin elçisidir,
Kamillik ölçüsüdür,
Məhəbbət külçəsidir,
Sevgi çələngi sözdür.

Tanrıdan müjdə alan,
Ruh ilə cismə dolan,
İnsana qismət olan,
Bəxtin nəhəngi sözdür.