10646868_273655359498567_6620189188081019440_n

Eşqinlə, sevginlə nurlansın danım,
Beləcə xoş keçsin hər ötən anım.
Mən sənə ,,can” deyim, sən mənə ,,canım”,
Xoş sözlə mən səni dindirim- elə.

Qoy həsəd aparsın,- görənlər bizi,
Bu sevgi yolunda qoyaq xoş izi.
Yazım dastan kimi bu sevgimizi,
Dünyada şöhrətə mindirim elə.

Əsirgəmə, bu sevgidə payımı,
Nura qərq et, hər günümü, ayımı.
Sən çox elə busələrin sayını,
Namərdəm, desəm ki, endirim elə.

Qoyma məni gün yandıra, gün dələ,
Dərdin məni, gözəl, səndən gen dələ.
Yapıb öz sinənə məni kündələ,
Özün ol ocağım, təndirim elə.

Sənsiz intihara gedərsə yolum,
Arzumu çin eylə, qurbanın olum:
Deyirəm, qoy olsun mənim öz qolum,
Boynundan asmağa kəndirim- elə.