Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
GƏLDİ
Bu örkən uzun örkəndi,
Durum dolanım bu kəndi.
Gözümün yaşı tükəndi,
Yerindən qara qan gəldi.
Göylərdən bir ulduz axdı,
Gördüm ki, yolum uzaqdı.
Təzə yurd saldığım vaxtı,
Bu karvan haradan gəldi.
Yön alım dedim haraya,
Yön alım gedim haraya.
Ağ ağa qənim, qaraya
Nə gəldi qaradan gəldi.
Bu sayaq yaşayammadım,
Başayaq yaşayammadım.
Mən oyaq yaşayammadım,
Hər dərd də röyadan gəldi.
Salma dedim çəp yerinə,
Biçdiyini səp yerinə.
Bu səhər də sübh yerinə,
Ömrümə qara dan gəldi.
Bir qəti hökm aradım,
Bu ömrü nakan aradım.
Bir özgə məkan aradım,
Dadıma yaradan gəldi.
ƏLİNDƏ
Başımız qovğada, qalda,
Yaxamız namərd əlində.
Talanır cümlə varımız,
Yoxumuz namərd əlində.
Boşalan yer zorla dolur,
Düzü-dünya gorla dolu.
Yatağımız qorla dolu,
Yuxumuz namərd əlində.
Yerlər qılınc, göylər qalxan,
Qan ağlayır düşüb – qalxan.
Sinəmizi deşib qalxan,
Ahımız namərd əlində.
Ha bu qədər zəncir gəmir,
Qanqal dəmir, zəncir dəmir.
«Yazı»mızdan yox səs-səmir,
«Oxu»muz namərd əlində.
Sökülür yurdun hasarı,
Qurd oğlu qurdun hasarı.
Tuşlanan yurduma sarı,
Oxumuz namərd əlində.
Gördük qalxıb enənləri,
Gördük ötən dünənləri.
Bada verdik dinənləri,
Çoxumuz namərd əlində.
KEÇİR
Öz günümə ağlamıram,
Günüm ağlamaqdan keçib.
Ağlamağın faydası nə? –
Gülüm, ağlamaqdan keçib.
Qısıl yaşa tək içində,
Öz dərdini çək içində.
Ömrümüz ələk içində,
Qəddimiz yumaqdan keçir.
Tərk olduq təkə dönüncə,
Biz ürkə-ürkə dönüncə,
Çuxamız kürkə dönüncə,
Bəlkə yüz yamaqdan keçib.
Bu həyat bir qəm sandığı,
Kim açsın, de, kim, sandığı?
Ac balığın yem sandığı,
Ölümü qarmaqdaq keçir.
Haqqın uvandı, tərsi bir,
Haqq oğlu haqqa nə Sibir?!
Dolanmaq başın nəsibi,
Dolamaq, barmaqdan keçir.
Tanısa qəmlər yaxanı,
Kim tikər qəmlər yıxanı?
Naz ilə qəmlər yaxanın
Sevgisi bu baxtdan keçir.
BİLİRƏM
Mənim virana könlümü,
Eşq abad eylər, bilirəm.
Gahdan da abad olanı
Aşqabad eylər, bilirəm.
Könül verdinsə təkliyə,
Ömrü dərd-qəm ətəkliyər.
Səni vadar dönüklüyə
Başqalar eylər, bilirəm.
Məni bu kənddən ötürün,
Ötürün, dərddən ötürün.
Hər boş söz-söhbətdən ötrü
Qaşqabaq eylər, bilirəm.
Sinəmin aha çəmi var,
Gözümün daha nəmi var.
Küsməyə bəhanəmi var? –
Başqa ad eylər, bilirəm.
Yığdı cana ələm məni,
Ömür adlı sələm məni.
Bu eşq üstə aləm məni
Daşqalaq eylər, bilirəm.