mm

Deyən, çox yaşadım, qocaldı dünya,
Məni saxlamağa taqəti yoxdur.
Onu da çaşdırdı gördüyüm röya, –
Xaliq özü vardı, xilqəti yoxdu…

Şəffafmı əlində tutduğu qələm?
Hərdən tərsə düşür sıralaması.
Güya bərabərmiş sevinclə ələm,
Bizik Tanrımızın qaralaması.

İşıqlı dünyaya can atırıq biz,
Divlar aləmidir bu zülmət dünya.
Qırxıncı otaqdır hələ qəbrimiz,
Sirrini saxlayıb məhşərə güya.

Tanrı qələmdən çox pozan işlədir,
Bəs: -Yoxdur,- deyirlər,- yazıya pozu?
Ölüm də, doğum da eyni çeşmədir,
Ömrü də ölümün qələmi yazır.