Dəng eyləməyin qoy qazanım pulları şax-şax,
Gərdiş eləyim “Cip”lər ilə yolları şax-şax.
Dövlət pulunu həzm edirəm min cür üsulla,
Mədəm əridir avro, manat, dolları şax-şax.
Hər harda ola yağlı bir aş orda başam mən,
Açsın mənə millət yenə də qolları şax-şax.
Arvad-uşağım keyf eləyir qışda Dubayda,
Yayda gəzirik Karlovıda xolları şax-şax.
Bir şəxsə kömək eyləmərəm ölsə acından,
Millət hələ çox gəzdirəcək çulları şax-şax.
Sağlar mənə xidmətdədi, yox başqa təmənnam,
Mən ram edirəm rüşvət ilə solları şax-şax.
Az tənqid elə bizləri, onsuz da, Müzəffər,
Sözlər ki, yetişdirməyəcək kalları şax-şax.