Polad Sabirli

Əbədi yaşayacaq,
Sevənlər,sevilənlər.
Nə xoşbəxtdir həyatda,
Eşqinə güvənənlər.

Məhəbbətin qüdrəti,
Müqəddəsdir, uludur.
Mükəmməl bir ailə,
Sevginin məhsuludur.

Sevginin əzabından,
Qətiyyən usanmadım.
Ülvi duyğudur bu hiss ,
Bu duyğunu danmadım.

Çıxmaq istəmirəm heç,
Sevginin təsirindən.
Əksik etmə nazını,
Məhəbbət əsirindən.

Necə ki,yer fırlanır,
Günəşin dövrəsində,
Məndə qalmışam elə,
Eşqin cazibəsində.

Gül kimi safsan təmiz,
Gül sənə çox oxşayır.
Ətrini səndən alıb,
Ruhum səndə yaşayır

Ay Polad qazanmısan,
Sevginin savabından
Şükür ki,çox razısan,
Bu eşqin əzabından..

Kəndim

Sığışmaz cahana şanı-şöhrəti,
Qucaq-qucaq varlı cəıallı kəndim.
Haramla barışmaz, budur adəti,
Saxlayar özündə halalı kəndim.

Dərin zəkası var,geniş ürəyi,
Möhkəmdir dostluğu, arxa, dirəyi,
Tükənməz süfrədən duzu, çörəyi,
Hər zaman qonaqlı-qarlı kəndim.

Səfalı dağlardan gələr güc, qüvvət,
Təmənna gözləməz edər mərhəmət,
Günəşin odundan deyil hərarət,
Özündən götürər şəfalı kəndim.

Saxlayar qonağa öz hörmətini,
Əsirgəməz heç vaxt səxavətini,
Yaşadar qəlbində məhəbbətini,
Sadiqdir eşqinə vəfalı kəndim.

Ümidlə boylanar hər gün sabaha,
Ziyarət aparar ziyarətgaha,
Zikr oxuyar, səcdə qılar Allaha,
Təmiz adlı, böyük amallı kəndim.

Ay Polad, eldən al öz ilhamını,
Buraxma şansını, xoş məqamını,
Nə qədər cavansan götür kamını,
Min yaşasın, dərya kamallı kəndim.