Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Qızıl Qələm” Media Mükafatı laureatı,
“Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,
Bir gün
Bir gün unudular sənin də adın,
Başına- gözünə döyərsən sən də.
Bağrını yandıran alovun, odun
Tüstüsü gözünə dolar güləndə.
Bir gün əməllərin çıxar qarşına,
Başını yamanca qatar bu dünya.
Üstündə əsdiyin hər nəyin varsa,
Əlüstü özgəyə satar bu dünya.
Bir gün gözlərindən yaş gilə-gilə,
Süzülər gizlicə yanaqlarına.
Qonar yuvasına dönən quş kimi,
‘Bağışla” kəlməsi dodaqlarına.
VARSA
Qarışma dünyanın işinə qardaş,
Sözünü qızıla sat, alan varsa.
Elə vətən -vətən deyib sızlama,
Qürbət gülüstandı pul, filan, varsa.
Yandırma papağı günə, heyfdi,
Dünya beşgünlükdü, həm də ki, kefdi.
Yaradan etibarlı dəmir seyfdi,
Söykə kürəyini arxalan,varsa.
Düşməni arama uzaqda, gendə,
Dostu çox sınadım mən çətin gündə.
Halal ocağında kəsilir kündə,
Çörəyin dizində get dolan, varsa.
Gecəni şəhərə qurban deyiblər,
Dəmiri isidib sonra əyiblər,
Haqdan danışanı haqlı döyüblər,
Sus papaq altında, yat,balan varsa.
Sözünü sözlərə qatıb danışma,
Tüstülən, tüstülən, amma alışma.
Torpağı satıblar,dinmə, qarışma,
Sən də öz payını sat, qalan varsa.