Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
Get-gedə tükənir içində adam,
İtir ümüdünün köçündə adam.
Bu dürüst, bu güclü biçimdə adam,
Kiçilir bir buğda dənəsi boyda.
İkiyə bölünmüş düymə kimidir,
Axtarsan samanda iynə kimidir,
Gerçəyi göstərən ayna kimidir,
Kim baxsa görünər şələsi boyda.
O adam dağ deyil ucadan-uca,
Laləzar bağ deyil çiçəklər aça.
Taleyi balaca, ömrü balaca,
Ürəyi kəpənək nəfəsi boyda.
Nə sükut tanıyar, nə də tanış səs,
Öləndə içində həyəcan, həvəs.
Bütün kainatda yox ona qəfəs,
Allahın yer adlı qəfəsi boyda…
İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.
Çılçıraq üzünə saldıqca kölgə,
Oynayır üstündə sirli naxışlar.
Sənə ürəyimi açardım bəlkə,
İndi içkiliyəm məni bağışla.
Bilirəm bu vüsal görüşlərindən,
Nə mən doyasıyam nə sən doyası.
Yayılır boynuma öpüşlərindən,
Çiyələk ətirli dodaq boyası.
Fırlanır başıma otaq, divarlar,
Elə bil zamandan alırıq qisas.
Bu gecə havada başqa sehir var,
Adı məhəbbətdir, adı ehtiras.
Sənsizlik o qədər ruhumu didib,
Bu qərib vüsalı göydən dərmişəm.
Səni qarış qarış İxtira edib,
Səni zərrə zərrə əzbərləmişəm.
Azmaram bu tanış cığırı izi
Qəlbimdə adının fərqli yeri var
Bilirəm heç zaman anlamaz bizi
“Həyalı”adamlar, “doğru” adamlar…
İslanır qədəhlər bəyaz şərabla,
Bağlanır otaqda bütün qapılar.
Çıxır ayağından, atılır küncə,
Qırmızı dikdaban ayaqqabılar.