13884516_10209691884401300_1187644379_n

– Ay Zibeydə xala, deyirəm qorxu qalıbe bu Asimanın canında. Hər gecə yerindən dik atılır. Müharibədə necə qorxu keçiribsə, elə o vaxtdan heç canından çıxmır da. Deyirəm bəlkə bir çildağçıya göstərək? – çıxılmaz vəziyyətdə qalan Minəxanım qaynanasından kömək istədi: – Amma heç bilmirəm bunu ona necə deyim, ora necə aparım? Bəlkə səni eşidə, ay Zibeydə xala.
– Az fikir eləmə, getməzsə, biz də canıyanmış çildağçı Güləndamı çağırarıq evə gələr – Zibeydə arvad onu sakitləşdirməyə çalışdı.
Minəxanım bunu eşitcək sevindi:
– Görəsən gələr? Nə yaxşı olardı, ay Zibeydə xala.
– Demək sən belə elə. Axşam Asiman evə gəlsin. Sən hələ bir ona de, gör nə deyir. İşdi-şayət razılaşmasa, onnan sonra mən Güləndamla danışaram – deyib Zibeydə arvad öz göstərişlərini verdi.
* * *
– Dediyimi bisirmisən, ay Minə? –yaş əlini dəsmala silə-silə yeməyin qoxusuna mətbəxə keçən Asiman arvadından soruşdu.
– Əlbəttə.
Minəxanım işi keçsin deyə gülər üzlə ərini qarşılayıb qazın üstdə qaynayan düşbərəni kəfkirlə qarışdırdı. Asiman buxarlanan yeməyin iysini dərin nəfəslə içinə çəkdi:
– Hə, onda gətir gəl.
Yemək tam hazır olduqdan sonra Minəxanım bir neçə dəqiqənin içində hazırladığı təamlarla süfrəni bəzədi. Düşbərədən əlavə ərinin ən çox sevdiyi qutabları da qaba düzüb süfrəni doldurdu. Asiman yeməyə təzə başlamışdı ki, Minəxanım da stulu çəkib əri ilə üzbəüz əyləşdi:
– Hə necədir?
Asiman bir qaşıq düşbərəni üfləyib ağzına qoydu.
– Hmm… Əla! – deyib gözucu onu maraqla izləyən arvadına baxdı: – Görürəm sözlü adama oxşayırsan.
– Ay Asiman, deyirəm müharibədə keçirdiyin istressdən sonra yaman qorxmusane. Gecələr yata da bilmirsən, yerindən dik atılırsan. Bəlkə bir çildağa gedək, hə, nə deyirsən?
– Nə qorxu, ay qız? Gic-gic danışma. Onun-bunun yanında da deyərsən məhlədə biabır edərsən məni.
– Elə demirəme, ay Asiman. Bir az həyəcanlanmısan da yəni – Minəxanım tez sözünü düzəldib əlavə etdi:
– Ay Asiman, sən …
– Ay qız, sus, sus! Yenə başlama boş cəfəngiyatlardan ötrü onun-bunun goruna and verməyə.
– Asiman, bax getməsən, Zibeydə xala çildağçının özünü bu evə gətirəcək.
– Ay qız, məhlədə mənim asobı uvajeniyam var. Indi də məhlə uşaqlarının yanında biabır eləmək istəyirsiz məni?
Uzun çək-çevirdən sonra Minəxanım ərini yola gətirə bilir.
* * *
Onlar Bakının “Kubinka” adlanan köhnə məhəllələrindən birinə girdilər. Yol kənarı boyunca düzülən bir-iki mərtəbəli həyət evləri, məhəllələr arasından keçən ensiz yollar labirint kimi dolaşıq olduğundan mənzil başına soruşmadan gedib çatmaq mümkün deyildi. Məhəllə adamlarından çildaqçı Güləndamın ünvanını dəqiqləşdirəndən sonra tinlərin birindən üzü yuxarı ara yol ilə qalxıb bir həyət evinə yaxınlaşdılar. Zibeydə xala həyətin açıq qapısını aralayaraq “Güləndam” deyə səsləndi. Güləndamın anası olan yaşlı bir qadın yaxınlaşıb onları çildağa gələnlər üçün ayrılmış kiçik otağa ötürdü.
– Keçin bir az gözləyin, əlində işi var, indi gələr.
Divarları hiss olunacaq dərəcədə köhnədən sadəcə əhənglənib ağardılmış, bəzi yerlərinin əhəngi hətta tökülmüş, boyası qopmuş taxta stullar, qapısız girəcəyə asılmış uçan həşəratlardan qorunmaq üçün cuna pərdədən ibarət bu otaqda bir müddət oturduqdan sonra nəhayət, özünü həsrətdə qoyan çildağçı xanım gəlib çıxdı. Bayaqdan boş divarlara baxaraq hövsələdən çıxan Asiman girəcəkdən içəri girən Güləndama tərəf döndü.
Maya kimi ağ üzü, al yanağından boynuna doğru düzülən silsilə xalları, ətli-canlı əndamı, xüsusilə də Iran xanımlarına məxsus iri qara gözləri ilə bu xanım göz qamaşdırırdı.
Güləndam otaqdakılarla görüşüb, salamlaşıb, hal-əhval tutandan sonra yanlarını basa-basa otağın bir küncündə qoyulan naqilli elektrik sobasına yaxınlaşdı. Uzərinə qoyulmuş göy parça bükülü, siqaret kimi ucu közərən çubuğun birini əlinə götürüb cəld hərəkətlərlə Asimanın boynuna, qollarına, ayaqlarına çəkdi. Asiman ətrafına fırlanan Güləndamın iri qara gözlərindən ətli-canlı əndamına qədər gözünün ucu ilə oğrun-oğrun süzdükcə, siqaret kimi bükülmüş parcanın közərən ucu ilə bədəninə dağ çəkilirdi. Ona toxunan “cəhənnəm odu” düşdüyü “cənnətdə” hiss edilmirdi. Necə deyərlər, gözü qalmışdı Guləndamın “gül əndamında”. Hər hərəkətində titrəyən yambuzları diqqətdən yayınmırdı. Asimanin oğrun baxışları da heç Güləndamın nəzərindən qaçmamışdı: “Hara baxır, görəsən bu şorgöz?!” Bəlkə də ondan idi ki, əlində tutduğu bükülmüş parçanın közünü ayılsın deyə yanan siqaret külqabıya basılan kimi onun bədənində basıb söndürürdü.
* * *
Qapıdan çıxan kimi Minəxanım öz aləmində olan Asimanın qolundan yapışıb silkələdi:
– Nə gözüvü zilləmişdin xalxın arvadına?
Asiman astagəl tələffüzü ilə sayıqladı:
– Görmədin, necə iri gözləri var idi?–böyrünü deşən dirsəyin zərbəsindən bir anlıq ayilib: – Anam-bacım olsun! Mən nə deyirəm ki?!
Minəxanım pıçıltı ilə qulağına qışqıraraq tez onun sözünü kəsdi:
– Bəsdir, hələ bir danışır da?
Asiman arvadı ilə yol boyu deyişə-boğuşa evə gəlib çatdıqdan biraz sonra ara sakitləşincə ufuldaya-ufuldaya yataq otağına çəkildi. Minəxanım isə deyinərək qonaq otağında çay süfrəsi hazırlamağa başladı.
İçəridən Asimanın yanğılı zarıltısı gəlirdi: – Ay aman, yandıııım. Yaman göynədire, ay Minə. Yandıme, yandım.
Deyəsən o bədənində közlənən yerlərin acısını yavaş-yavaş hiss edirdi.
Yavaş-yavaş artan ağrılar Asimanın naləsini “asimana” qaldırmışdı.
– Müharibədə heç belə odlanmamışdım, ay Minəəə. Oddadınız məni.
Minəxanım isə heç nə olmayıbmış kimi divanda oturub təzə dəmlədiyi çaydan bir qurtum ağzına alaraq televizorun pultunun düyməsini basdı:
– Sən hələ çox odlanacaqsan.
Televizorun ekranı işıqlanan kimi musiqi səsi Asimanin ahu-zarını üstələdi.
Yandım ay Allah, iri-iri gözləri,
Yandım ay Allah, iri-iri gözləri…