Etibar qalmayıb daha,
Yüyəni dartılan ata.
Dərdimiz sevincdən baha,
Yol gedirik bata-bata.
Azı yox,çoxu itirib;
Atdığı oxu itirib,
Gecələr yuxu itirib,
Gündüzləri yata-yata.
Günlər gerçəkmi,yuxumu?
Dərd bada verib çoxunu.
Səpmə ayrılıq toxumu,
Aşıma duz qata-qata.
Bu dünya eşqin qəfəsi,
Sevinci nəfsin köləsi.
Buz dadır ilıq nəfəsi,
Dərdə ocaq çata-çata.
Bu bəxt ki var-qara közdür,
Kimi bezdi, kimi dözdü…
Üzdü məni, bu yol üzdü,
Günü-günə sata-sata.
Bu dünya dərdə kölədir,
Sözü uşaq tək bələdi.
Tanrının işi belədir-
Döndərib ömrü şahmata.
11.12.2000.
Azərbaycan.Quba.