sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

O, arvadını sevdiyi kimi bu dünyada heç kimi sevməmişdi. Ona elə gəlirdi ki, bir gün, bir neçə saat Bayansız qalsa, dünyası dağılar. Qurduğu bütün arzular, “gələcək” adlı sonsuzluğa doğru getdiyində ürəyinə yığıb apardığı bütün ümidlər Bayanla bağlı idi. Sanki, arvadının varlığı tarixin hansı dönəmində tikildiyi bəlli olmayan çox qədim, möhkəm bünövrəli bir qala idi; o isə bu qalanı hər gün üzü günəşə doğru aparan sərkərdəyə bənzəyirdi.
O, uzun illərdi ki, poçtda yükdaşıyan işləyirdi. Hər səhər saat doqquzdan evdən çıxır, bir də axşam altıda qayıdırdı. Hər axşam da yolunu evlərinin yanındakı kiçik mağazadan salır, sol cibindən arvadının yazdığı siyahını çıxarır, bircə-bircə aldığının adını karandaşla qaralayırdı. Günlər çox gözəl keçirdi… Neçə ildi ki, sakit, təmkinli və məsuliyyətli ailə başçısı kimi öz xoşbəxtliyinin dadını çıxarmağa çalışırdı və bunu bacarırdı.
O, bu gün də kiçik mağazada növbədə dayanmışdı. Yaşlı qadın və on-on iki yaşlı bir oğlan uşağından sonra siyahısını çıxarıb satıcıya tərəf addımladı. İki şirin bibər, bir kiloqram yumru düyü, on beş yumurta, bir şüşə alma sirkəsi, kəpək əleyhinə şampun və şokolad ətirli sabun. Siyahının sonunda gülən adamcıq işarəsi də vardı. Gülümsədi… Bayanın uşaq ərköyünlüyü onun bütün yorğunluğuna qarşı mövcud olan zərdab kimi idi; kiçicik bir uşaq şıltaqlığı və o, tam enerji ilə günün günortadan sonrasını davam edirdi.
O, şokoladı uşaqlıqdan sevmirdi. Bayanın istədiyi şokolad ətirli sabunu alsa da, əlini onunla yumaq heç də xoşuna gəlmirdi. Özünü məcbur edərək sabun əriyib yox olana qədər dözməyi qərara almışdı. Çünki, hər dəfə əlini yuyandan sonra Bayanın ovuclarını burnuna yapışdırıb var gücüylə bu qoxunu içinə çəkdiyini görürdü. Gördükcə də bu sabunun tez yaxud gec əriməsini arzulamasına tərəddüd edirdi. Onun üçün sabundan gələn şokolad ətri kəskin dərəcədə dəhşətli idi. Bəzən axşamlar darvazadan girincə bu sabunun ətri burnuna toxunur, onu sağ əlinin ovcu ilə burnunu ovxalayaraq asqırmağa məcbur edirdi.
O, bir gün işdən bir saat tez çıxmışdı. Kiçik mağazada növbəsi də az olmuşdu. Odur ki, addımlarını daha gümrah ataraq dölmələrinin başına yaxınlaşırdı. Bu vaxt qara papaqlı gödəkçə geyinmiş bir gənc oğlanın dölmədən çıxaraq tələsik addımlarla əks tərəfə getdiyini gördü. Oğlanı tanımırdı. Dölmədə cəmi iki darvaza vardı: onların və əmisigilin. Onlara kimsə gəlsəydi Bayan mütləq zəng edib xəbər verərdi. Əmisigil isə yay tətilini Hacıkənddəki evlərində keçirirdilər. Beynini çox yormasa da özlüyündə bu qərara gəldi ki, oğlan əmisigilin evinə oğurluğa gəlmiş olar. Həmin axşam əmisinə zəng edib evin təhlükəsizliyi barədə bir az söhbət etdi. Əmisi ona darvazanın üstündəki videokameranın və dəstəyə qoşulmuş siqnalizasiya sisteminin necə işləməsini öyrədəcəyini söz verərək “sabah görüşərik”-deyib sağollaşdı.
O, bu gün nahardan sonra işdən icazə alıb evə tələsirdi. Əmisi onu öz evində gözləməliydi. Bu dəfə kiçik mağazaya da dönmədi. Birbaşa əmisigilə gedəcəkdi. Ordan çıxandan sonra mağazaya qayıtmağa vaxtı qalardı. Əmisigildən saat dörddə çıxıb üzü öz evlərinə tərəf dayandı. İlk dəfə idi ki, öz darvazalarının üz-üzə dayandığı şir başı təsvir olunmuş darvazanın yanında balaca və miskin olduğunun fərqinə varırdı. Düşündü ki, bu yay keçdi, gələn yay kredit götürüb darvazanı yeniləsə, heç də pis olmaz. Fikirli-fikirli dölmənin sonuna tərəf irəlilədi. Əli ilə sol cibini üstdən sığalladı, Bayanın siyahı yazdığı kiçik kağız parçası xəfifcə xışıldadı. Dodaqlarının kənarları azca qırışdı, lakin burnuna toxunan kəskin qoxu onu gülməyə qoymadı. Qara gödəkçəli oğlan onun yanından sürətlə keçərək dölmədən çıxdı. O isə adətinə xilaf çıxaraq əlinin içi ilə burnunu ovuşdurmadı, əksinə, gözlərini bərəldərək asqırdı. Oğlandan geriyə kəskin dərəcədə dəhşətli şokoladlı sabunun ətri qalmışdı…