1423756700_sefa-xanim

***

Elə tez alışanam
Adicə bir xoş sözə,
Bir kiçik gülümsəmə,
Yüngül bir nəvazişə

Çiçək kimi boy verib
Günəşə boylanıram.
Elə tez alışanam,
Alışıram, yanıram…

İnsanlara inanıb,
Hər dəfə aldanıram.
Gizlədirəm özümü
Aldanmağı danıram.

Elə tez alışanam,
Həyat adlı bu nəsnə
Vursa da hey silləni
Körpəcə uşaq kimi.

Unuduram yenə də
Üzərinə qaçıram…
Elə tez alışanam
Alışıram hər şeyə.

Ağrıları udmağa
Özümdən pay ayırıb
Başqa dünya qurmağa.
Mən də belə dəliyəm…

Alışanam mən, qağa!
Öldürməz hər dərd məni
Alışdım yaşamağa,
Alışdım yaşamağa…

25.10.2016

P.S. bütün gün camaata çiçəkdən, böcəkdən yazdır, mənə gələndə ağlat. P.S.S. İlham pərisi də hər şeyə alışan olduğumu bilir.

Getmisən

Bir ovuc göz yaşı qoyub yerinə
Yuxumu gözümdən alıb getmisən.
Gedəndə bir zəhmət hər şeyi topla,
Xatirələr burda qalıb, getmisən..
.
Bu yolun deyəsən dönüşü yoxmuş,
Mənə yoxuş düşüb, enişi yoxmuş,
Deyəsən sənin də yüklərin çoxmuş,
Həsrətini yolda salıb getmisən.

Kim belə sevgini yaşardı səndə,
Mən yenə qayayam külək əsəndə.
Bəlkə istəyindi… İstəməsən də
Hicran dəryasına dalıb getmisən.

21.10.2016