Hər bir dövlətin və millətin varlığını təsdiq edən bir sıra mühüm atributlar vardır ki, bunlar olmasa o dövlət haqqında müəyyən təsəvvür formalaşdırmaq mümkün deyil. Bu sıraya himn, gerb, bayraq, milli valyuta və s. daxildir. Bu sadalananların mövcudluğu eyni zamanda həmin dövlətin azad, müstəqil və suveren olmasının təsdiqidir. Təbii ki, bunların hər biri dövlət üçün böyük önəm daşıyır, bununla belə bunların arasında milli bayrağın rolu və çəkisi digərlərinə nisbətdə daha çox müzakirə mövzusuna çevrilir sanki. Bu da təbiidir, çünki hər bir dövlətin bayrağı onun milli kimliyinin, dilinin, dini-mənəvi əxlaqının, yaşam tərzinin, bir sözlə milli ideologiyasının göstəricisidir. Bayraq sevgisi dünyanın, demək olar ki, bütün dövlətlərində, bütün millətlərində birində bir az az, birində bir az çox olmaqla mövcuddur. Bu da həmin ölkədə vətəndaşlara bayrağa olan sevginin aşılanmasının dərəcəsindən, daha dəqiqi isə bayrağın daşıdığı funksiyanın mahiyyətinin izah olunması ilə bağlı aparılan təbliğatdan asılıdır. Bayraq bir millətin keçmişindən, bu günündən və gələcəyindən xəbər verir. Əgər kimsə bir vətəndaş olaraq yaşadığı dövlətin milli ideyasının nədən ibarət olduğunu bilmək istəyirsə mütləq və mütləq bayrağın daşıdığı milli-ideoloji anlayışı dərindən dərk etməlidir. Bunu dərk etməyən kəsdə bayraq sevgisi, dolayısı ilə isə vətən sevgisi yarana bilməz. Və danılmaz bir həqiqətdir ki, istər ölkə daxilində, istərsə də xaricdə ən çox istifadə olunan bayraqdır və əksər hallarda dövləti məhz bayrağına görə tanıyırlar. Buna görə də hər bir ölkə vətəndaşının borcudur ki, milli bayrağı ilə bağlı yetərli bilgiyə sahib olsun. Bu sahədə yorulmadan, usanmadan, bəsdir demədən təbliğat-təşviqat işlərini genişləndirmək lazımdır. Buna dünən də ehtiyac var idi, bu gün də var, sabah da olacaq. Çünki əgər biz bu gün kütləvi şəkildə insanlar arasında bayrağımızla bağlı sorğu aparsaq, sorğuda iştirak edənlərin mütləq əksəriyyətinin ya tam məlumatsız, ya da qismən məlumatlı olduqları ortaya çıxacaq.
Bu gün bizim qürurla və fəxrlə daşıdığımız üçrəngli, ay-ulduzlu bayrağın iki ildən sonra yüz yaşı tamam olacaq. Amma əfsuslar olsun ki, bəlkə də dünyada çox az dövlətlərdənik ki, son bir əsrə yaxın dövr (98 il) ərzində ya bayrağı, ya da bayraqdakı ornamentlər dəfələrlə dəyişdirilmiş olsun.
21 iyun 1918-ci il – bu Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında verilən ilk hökumət qərarının tarixidir. Bu qərara əsasən Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və ağ şəkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilmişdir. Qırmızı rəngdə olan bu ilk bayraq Türkiyənin dövlət bayrağını xatırladırdı. Bu qərar qəbul edilərkən Bakıda fəaliyyət göstərmək qeyri-mümkün olduğundan Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. Sentyabrın 15-də Bakı şəhəri türk qoşunlarının köməyi ilə düşmən qüvvələrindən təmizləndikdən sonra hökumət Bakıya köçə bildi və Azərbaycan Xalq Cumhuriyyətinin bu ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər – Nazirlər Şurası milli bayraq haqqında növbəti qərarını verənə qədər mövcud oldu. Nazirlər şurasının sədru Fətəli xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Bu bayraq həmin gün Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilmiş, elə o binanın üzərində də qaldırılmışdı. Bu bina hazırda Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) yerləşdiyi binadır. Azərbaycan bayrağının ən şərəfli və yaddaqalan günlərindən biri də Şərqdə və Türk-İslam dünyasında ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikası parlamentinin açılışı zamanı (7 dekabr 1918-ci il) parlament binası üzərində qaldırılması olmuşdur (indiki Əlyazmalar İnstitutunun binası).
Sovet İmperiyasına məxsus XI Qızıl Ordunun işğalı nəticəsində ADR devrildikdən və 1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan İctimai Şuralar Cumhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. Bundan bir neçə gün sonra – mayın 3-də müstəqilliyimizin rəmzi olan üçrəngli milli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirildi.
1920-ci ildən 1952-ci ilə qədər Azərbaycanın (Azərbaycan Sovet Sosialist Respublikasının) bayrağı 1920-1921, 1921-1922, 1922-1924, 1924-1930, 1930-1937, 1937-1940, 1940-1952-ci illəri əhatə etməklə yeddi dəfə dəyişdirilmişdir. Bu dəyişikliklər bayraqdakı rənglər, ulduz, oraq-çəkic, respublikanın adının dəyişdirilməsi, bayraqdakı sözlərin tərcüməsindəki dəyişikliklər və əlifbamızın dəyişdirilməsi ilə bağlı olmuşdur.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli fərmanı ilə Azərbaycan SSR-in yeni – qırmızı rəngli üst zolaqdan (eninin ¾-nə bərabər), göy rəngli alt zolaqdan (eninin ¼-nə bərabər), qırmızı zolağın yuxarı sol küncündə yerləşdirilmiş qızıl oraq və çəkic və qırmızı beşguşəli ulduzdan ibarət bayrağı qəbul edilmişdir. Bu bayraq 1952-ci ildən 1991-ci ilə kimi mövcud olmuşdur.
1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə ADR dövründə mövcud olan üçrəngli bayrağımız Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş, 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitutsiya Aktdı qəbul edildikdən sonra isə üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən dalğalanmağa başlamışdır.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, bu rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif şərhlr də mövcuddur. Orta əsr mənbələrinə nəzər salsaq görərik ki, türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr mövcud olmuşdur ki, bu abidələrin əksəriyyəti də göy rəngdə idi. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Bu da o deməkdir ki, Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının təcəssümündən qaynaqlanır.
Bayrağımıza olan sevgi və ehtiramın göstəricisi olaraq Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur. 2009-cu ilin noyabr ayında bu günlə əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavələr edilmiş və bu əlavəyə əsasən 9 noyabr Dövlət Bayrağı günü həm də ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Bayrağımız möhtərəm prezidentimizin bütün xarici səfərlərində, keçirilən bütün beynəlxalq görüşlərdə, işgüzar tədbirlərdə, olkəmiz üçün mühüm əhəmiyyət kəsb edən müqavilələrin imzalanma mərasimlərində olkəmizi təmsil edə biləcək qədər əzəmətlidir. Bayrağımız dünya və avropa birinciliklərində, beynəlxalq idman yarışlarında göylərə qalxacaq qədər vüqarlıdır. Bayrağımız müqəddəs amallar uğrunda and içərkən diz çöküb öpüləcək qədər qürurvericidir. Bayrağımız vətənin bütövlüyü, bölünməzliyi uğrunda ölüm-dirim savaşına qalxan və şəhid düşən ər oğullarımızın tabutuna büküləcək qədər müqəddəsdir. Bu baxımdan qürur mənbəyimiz olan üçrəngli dövlət bayrağımıza dərin hörmət, sevgi, sayğı və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik. Yuxarıda da qeyd etdiyimiz kimi indi Azərbaycan beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə həmişə dövlət bayrağından istifadə olunur. Ölkəmizdə dövlət bayrağından istifadə qaydaları barədə mükəmməl qanunvericilik bazasının yaradılmasına baxmayaraq, bəzən görürsən ki, dövlət bayrağından istifadə zamanı yanlışlıqlara yol verilir. 2004-cü ildə “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qəbul edilib. 2005-ci ildə Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları” təsdiq olunub. 2013-cü ildə isə Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərar qəbul edib. Birmənalı şəkildə bilinməli və qəbul olunmalıdır ki, ölkə daxilində keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı dövlət bayrağımız digər dövlətlərin, beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxanda Azərbaycan Respublikasının Dövlət Bayrağı həmin bayraqlardan solda olmalıdır. Dövlət bayrağı bayraq dirəyinin, yaxud xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılan zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz şaquli vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə onun mavi zolağı qarşıdan baxarkən sol tərəfdə yerləşməli, ayla ulduz isə üzüaşağı olmalıdır. Dövlət bayrağı binanın divarına dirəksiz üfüqi vəziyyətdə asıldıqda və ya xüsusi tutqaclara bərkidildikdə mavi zolaq qarşıdan baxarkən yuxarıda olmalı, ayla ulduz isə sağ tərəfə baxmalıdır. Kiçik ölçülü dövlət bayrağı masaların, kürsülərin üstündə xüsusi oturacağı olan şaquli milə bərkidildikdə və yaxud əldə tutulduqda da mavi zolaq yuxarıda yerləşməlidir. Dövlət bayrağı tribunalarda tamaşaçıların, yürüşlərdə iştirakçıların və qalib idmançıların əllərində üfüqi vəziyyətdə dirəksiz tutularkən də mavi zolaq yuxarıda olmalıdır.
Bayrağımıza olan sevginin daha bir göstəricisi kimi Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmış sərəncamı qeyd etmək olar. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri isə 1,9 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycanın xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda həmçinin Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Bu gün Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu və məntiqli daxili və xarici siyasət nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Dünyada hökm sürən iqtisadi və siyasi böhrana baxmayaraq Azərbaycan həm iqtisadi inkişafını, həm siyasi sabitliyini qoruyub saxlaya bilib. Bu günkü Azərbaycanın mövcudluğunda, fəaliyyətində, sivil və qlobal dünyanın bir parçasına çevrilməsində müqəddəs bayrağımızın rənglərindəki mənalara sadiqliyinin əhəmiyyəti danılmazdır. Bu gün Azərbaycan türk dövləti olmaqla bütün dünyada yaşayan türklərin və azərbaycanlıların ümid və pənah yerinə çevrilib. Eyni zamanda Azərbaycan İslam dininin mövcud olduğu bir ölkə olmaqla heç bir radikalizmə qapılmadan İslam dinin sivilizasiyasından məharətlə bəhrələnir. Həmçinin tolerant bir dövlət kimi bu ölkədə yaşayan insanların inanclarına sayğı ilə yanaşılır və fəaliyyətlərini düzgün zəmin üzərində qurmalarına dəstək olunur. Bu da dünyada Azərbaycana multikulturalizm məkanı kimi baş ucalığı gətirir. Dirər bir tərəfdən də Azərbaycan Avropanın ən mükəmməl yeniliklərindən bəhrələnməklə dünya dövlətləri sırasında müasir, demokratik və bərabərhüquqlu üzv kimi özünü təsdiq edir. Bu da o deməkdir ki, bu gün Azərbaycan türkçülük ideologiyasına sadiqliyi, islam sivilizasiyasından və Avropa mədəniyyətindən bəhrələnməsi ilə fəxarət hissi keçirməklə, müstəqil və demokratik dövlət kimi öz varlığını bir daha təsdiq edir.
Dövlət Bayrağı gününüz mübarək olsun!
Rafiq ODAY,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri
republikanın Əməkdar jurnalisti