Gün kimi şölə saçır şanlı zəfər bayrağımız,
Sabaha yollar açır nurlu, hünər bayrağımız.
Qəhrəman nəslimizin töhfəsidir bayrağımız,
Neçə xalqın bərəkət süfrəsidir bayrağımız.
Xalqımın nurlu ziyasından alıb şəfqətini,
O böyük, şanlı dühasından alıb şəfqətini,
Birliyin “Urra” sədasından alıb qüdrətini,
Dinimiz, türklüyümüz, ər qanıdır bayrağımız,
Yurdumun, millətimin dastanıdır bayrağımız.
Haqq-ədalət yolunun məşəlidir, sönməyəcək,
Sancılıbdır bəşərin zirvəsinə, enməyəcək,
Daima dalğalanır, şölələnir nur seli tək,
Müstəqil ölkəmizin şöhrətidir bayrağımız,
İnamı, iftixarı, qüdrətidir bayrağımız.
Dalğalandıqca dönür düşmənimin göz dağına,
Bənzəyir nurlu, al-əlvan açılan sübh çağına,
Dönəcək yer üzünün sülh daşıyan bayrağına,
Yer verər hər kəsə altında uca bayrağımız,
Dönəcək daima aləmdə taca bayrağımız.