tm

Verdim bi ürəyi, bayrağın olsun,
Zülməti qəlbindən, könlündən silsin!
Verdim bu ürəyi, bayrağın olsun,
Namusdan, qeyrətdən, eşqdən tikilsin!

Verdim bu ürəyi, bayrağın olsun,
Onsuz bircə an da qalma heç zaman!
Döyünsün, xoş sədan, sorağın olsun,
Köksündən aşağı salma, heç zaman!

Verdim bu ürəyi, bayrağın olsun,
Müqəddəs sevgiylə qoru, sən onu!
Ruhuna ruh versin, dayağın olsun,
Bu eşqin, sevginin olmasın sonu!

Verdim bu ürəyi, bayrağın olsun,
İçində qövr edən şəhid qanıdı!
Zirvəyə ucalan növrağın olsun,
Bayraq kətan deyil, qəlbdi, canlıdı!

Verdim bu ürəyi, bayrağın olsun,
Başının üstündə saxla hər zaman!
Saçına əl çəkən darağın olsun,
Gözün onda olsun, yoxla hər zaman!

09.11.2016