abdullamuellim

Niyə məni tək yaratdın,Allahım,
Necə dözüm bu ağrıya,acıya?
Görən nədir bu dünyada,günahım?
Anam da yox bu halıma acıya.

Nə bacım var,nə qızım var dünyada,
Varaq üstə hönkürürəm sözbəsöz.
Gözdən düşən,dərdimə yar dünyada
Söz atanın neştərinə dözhadöz.

Çiçəklənən sevdamı yel vurandan,
Çiçək-çiçək çiçəklənən kədərəm.
Qədərimlə misra-misra dərd udan,
Bu dünyanın boğazında qəhərəm.

İndən belə çiçəkləməz gözümdə,
Kipriyimdə muncuqlanan gümanım.
Göz dağıymış yerə düşən sözüm də,
Qəlb dağlayır məni məndən umanım.

Hara getsəm üz döndərib özümdən,
Qəlbə dinclik verən deyil yaddaşım.
Gün görmədim bu dünyanın üzündən,
Bəlkə sənlə sənsizliyə yadlaşım?!

Sözüm yerə düşənəcən sən demə
Kaş düşəydi inamsızlıq gözündən.
Yazılana döz ürəyim,qəm yemə,
Dərd göyərir asıldığım sözümdən!

Azərbaycan.Quba.
11.01.2016.