SƏNİN BİRCƏ SÖZÜN
Sevgi əridərmiş dumanı, çəni,
Güllərin xətrinə yağış yağarmış…
Bir sözün özümə qaytardı məni,
Bir sözün içinə dünya sığarmış…
Əgər sevmirsənsə, yanıma gəlmə,
Qəlbimi yenidən salma həvəsə.
Məni xoşbəxt edib o bircə kəlmə,
Durmuşam sözünlə nəfəs-nəfəsə.
Dilsiz qayalar da dinə bilərmiş,
Həsrət şöləsi var közün içində.
Söz görüş yerinə dönə bilərmiş,
Yaşamaq olarmış sözün içində…
Ayrılıq dönərmiş bir yalquzağa,
Heyf, qanadlanıb uça bilmədim.
Illərlə qaçsam da səndən uzağa,
Mən öz taleyimdən qaça bilmədim…
Aldım göz altına dostu, düşməni,
Mən piyada oldum, sənsə, yar, atlı.
Önünə bənd vurub sevgi çeşməmin
Özüm də bilmədən dərya yaratdım…
Baxırsan uzağa, gözlərin dolub,
Sel gəldi, şəhəri, kəndi dağıtdı.
Sənin bircə kəlmən qumbara olub,
Mənim ucaltdığım bəndi dağıtdı…
01.03.2014
CƏNNƏT ADASI
Gəmi ilə Marmarisdən
Cənnət adasına üzdük.
Dörd yanı ləzzətlə,
heyranlıqla süzdük.
Ancaq heç bu ada
o qədər də seçilmirdi
digər adalardan.
Doğrusu, baş açmıram
adalara ad qoyan
adamlardan…
Burda könül yaxır,
göz oxşayır hər yan. –
Adalara,
dənizin gözəlliyinə
baxırıq heyran-heyran…
Əslində gözəllikdi,
həyat eşqidi
qəlbimizi sevgi ilə dindirən.
Əslində insanların qəlbindəki
məhəbbətdi
hər yeri, hər yanı
cənnətə döndərən…
O yerdə ki, insan var,
sevgi var,
ora bəşər övladının
topdağıtmaz odasıdı…
Əslində Yer özü
Kainat dənizində bir
cənnət adasıdı…
24.08.2013
Marmaris
MƏNİM DÜŞÜNCƏM
İçimdə arzular
köz kimi işarır
həsrətli baxışların
yadıma düşüncə.
Qaranlıq qəlbimi
ay kimi nurlandırır
fikrim, düşüncəm…
Gözlərim önündən
səninlə birgə qalxdığım dağlar,
səninlə birlikdə köksündən
su içdiyim dərələr keçir.
Gözlərim önündən
nə qədər könül oxşayan
mənzərələr keçir.
Həmişə məəttəl qalsam da
dünyanın işinə,
Zəngin bir insana
çevrilmişəm
düşünə-düşünə…
Fikirlərimə borcluyam
istidə töyşümürəmsə,
soyuqda üşümürəmsə.
Sahibinə çevrilmişəm onun
nəyi düşünmüşəmsə,
kimi düşünmüşəmsə…
Mənim ürəyim
bəzən gümanlar,
bəzən şübhələr,
dumanlar içindədi.
Ancaq nə yaxşı ki,
mənim düşüncəm
Dünyanı gözəlləşdirmək
gücündədi…
01.01.2013
BİRCƏ GÜNAHIM VAR
Mən mələk deyiləm, adi bəşərəm,
Günaha batırır həyat adamı.
Nəfsin qulu olsam, adiləşərəm,
Qoruya bilmərəm təmiz adımı.
Sınaram,
ancaq ki, çətin əyiləm,
Bişmişəm zamanın qilü-qalında.
Başkəsən deyiləm, quldur deyiləm,
Zərrəcə gözüm yox dünya malında.
Adın var qəlbimin hər yarasında,
Bir eşq ağacıyam, barım sevgidi.
Az-çox hörmətim var el arasında,
Qazancım sevgidi, varım sevgidi.
Özümü görürəm sənin gözündə,
Salmısan qəlbimi oda, bilirsən.
Bircə günahım var bu yer üzündə, –
Səni sevməyimdi o da, bilirsən…
Ocaq çatanlar var mənim ahımdan,
Gölməni tay tutma dəniz sevgimə.
Tanrı özü keçsin qoy günahımdan,
Xeyir-dua versin təmiz sevgimə…
20.07.2012
Ramazanın ilk günü