“Dövlətimizin gələcəyi sizin əlinizdədir”
Noyabrın 23-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması” layihəsinin yekun tədbirini keçirib. Tədbir Nizami rayonundakı 328 saylı tam orta məktəbdə baş tutub. Əvvəlcə layihənin rəhbəri Məlahət Xəlilova layihənin yekunları ilə bağlı məlumat verib. Bildirib ki, günümüzün əsas prioritet mövzusuna çevrilən vətənpərvərlik hissinin yüksəldilməsi hökumətin, eləcə də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının daim diqqətdə saxladığı məsələlərdən olub. Bu yöndə davamlı olaraq tədbirlər keçirilir. Layihə rəhbəri bildirib ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsi çərçivəsində son tədbirini keçirir: “Avqustun 5-dən dekabrın 5-dək 4 aylıq müddətə nəzərdə tutulan layihə çərçivəsində Bakı şəhərində, ziyalılar və mətbuat nümayəndələrinin iştirakı ilə 5 dəyirmi masa və mətbuat konfransı keçirilib: “KİV-də vətənpərvərlik hissinin təbliği ilə bağlı silsilə məqalələr dərc edilmişdir. 2 şəhid ailəsini- aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu və Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət etdik. Eyni zamanda, şəhid qəhrəmanların keçdikləri həyat və döyüş yolu, onların Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında göstərdikləri qəhrəmanlıqların media vasitəsilə ictimailəşdirilməsi üçün müsahibələr alındı. 2 orta məktəbdə müasir bədii tarixi romanlar müəlliflərinin- Yunus Oğuz, Aqil Abbas, Elçin Hüseynbəylinin əsərləri ilə(“Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur”, “Sultan Arpaslan”, “Batman qılınc”, “Şah Abbas” və s.) bağlı müəllim və şagirdlərdən ibarət geniş auditoriyaya və mətbuat vasitəsilə ictimaiyyətə geniş məlumat verildi”.
328 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nadir Həsənov bildirib ki, gənc nəsil vətənpərvərlik nümunəsini Azərbaycanın qəhrəman oğulları və yaradıcı şəxsiyyətlərindən əxs etməlidir.
Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, əsil vətənpərvər olmaq üçün yaxşı oxumaq lazımdır. Gənclərin vətənpərvər olması üçün doğma vətənimiz Azərbaycan haqda bilikləri yetərli olmalıdır: “Torpaqlarımızın 20 faizinin işğal olunmasının səbəblərindən biri də bu məmləkət haqqında biliklərin yetərli olmamasıdır. Yaxşı ki, hazırda ölkəni tanımaq üçün “Vətəni tanıyaq” adlı kampaniya həyata keçirilir”. Onun sözlərinə görə, gənc nəslin vətənpərvər kimi formalaşmasında bu ruhda yaradılan əsərlərin rolu böyükdür: “Vətənpərvərliyin dərk edilməsi üçün yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarını oxumağa ehtiyac var. Onun əsərləri sadə, şagirdlərin başa düşəcəyi dildə yazılıb. Düzdür, vətənpərvərlik mövzusuna müxtəlif tərzdə yanaşmaq olar. Ancaq onun əsil mahiyyətini dərk etmək təhsildən keçir. Əslində, təhsil almadan da vətənpərvər olmaq olar. Lakin, dövlətimiz gənc nəslin savadlanması üçün hər şeyi edirsə bundan yalnız yararlanmaq gərəkdir. Dövlətin və valideynlərin qayğısını qiymətləndirmək özü də vətənpərvərlikdir. Əgər indiki nəsil təhsilli, savadlı vətənpərvər olacaqsa, onların övladları da bu yolu davam etdirəcəklər”.
Qarabağ qazisi, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı qeyd edib ki, Vətən uğrunda döyüşə atılan qazilər özlərinə Vətənin daşını yastıq, torpağını yorğan biliblər. Bu isə o deməkdir ki, Vətən uğrunda döyüşmək vətənpərvərlikdən irəli gəlir: “Vətəni sevmək güc ilə yox, ağılla olmalıdır. Yəni, vətənpərvər olmaq üçün yazıçıların əsərlərini oxumaq kifayət etmir, həm də bu hissləri yaşamaq lazımdır. Biz hələ bütöv Azərbaycan deyilik, bölünmüş, işğal altında qalan torpaqlarımız var. Azərbaycanın bütövlüyünü təmin etmək üçün gələcək nəslin fiziki və mənəvi gücünə ehtiyac var. Bu gücü vətənpərvər oğullardan və ərsəyə gətirilən əsərlərdən almaq olar”.
Yazıçı, publisist, ABUC-un sədri Yunus Oğuz qeyd edib ki, ərsəyə gətirdiyimiz əsərlərdə əsas məqsədimiz vətənpərvər övladlar yetişdirməkdir: “Siz fəxr etməlisiniz ki, müstəqi Azərbaycanın övladlarısız. Mənim ömrümün 31 ili Sovet imperiyasının dövrünə düşüb. Bu nəslin qafasını dəyişdirmək çətin olduğundan işimizi gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək üzərində qurmuşuq. Biz istəsək də istəməsək də dövlətimizin gələcəyi sizin əlinizdə olacaq. Bu dövlətin aparıcıları-ziyalıları, aydınları, məmurları siz olacaqsınız”. Onun sözlərinə görə, vətənpərvərliyin təbliğinin əsası uşaq bağçalarında qoyulmalıdır. İnsanlar hələ uşaq olarkən dərk etməlidirlər ki, millətin mövcud olması üçün onun dili, tarixi, mədəniyyəti olmalıdır: “Şübhəsiz ki, buna qarşı xarici təsirlər olacaq. Çalışacaqlar ki, millətin dilini, tarixini, mədəniyyətini dəyişsinlər. Ancaq millətin ziyalıları belə halların qarşısını almağa borcludurlar. Necə ki, dahi Üzeyir Hacıbəyov “tarixi Nadiri yarıya qədər oxumuşam” ifadəsi ilə millətə xatırlatdı ki, sizin Nadir şah kimi böyük şəxsiyyətiniz var”. O, əlavə edib ki, Sovet dönəmidə tariximiz təhrif olunmuş formada təqdim edilirdi, yad ideologiyalar təbliğ olunurdu: “Hüseyn Cavid, Mikayıl Müşfiq inkar edilirdi. Millət, dil, tarix uğrunda çalışanlar güllələnirdi. Bu gün isə biz öz tarix, dil və mədəniyyətimizin sahibiyik”. Y.Oğuz əlavə edib ki, Avropa kosmopolit ideologiyasını sərgiləməkdədir: “Bu ideologiyada ailə, dövlət düşüncəsi yoxdur. Bizdə isə ailə kiçik dövlət hesab olunur. Odur ki, gənclər anlamalıdırlar ki, vətənpərvərlik təkcə döyüşlə bitmir. Vətənpərvərlik gözəl sənətlə, elinə, obasına, Vətəninə yaxşılıqla müşahidə olunur”.
Çıxışlardan sonra mövzu ilə əlaqədar media nümayəndələrinin və şagirdlərin sualları cavablandırılıb. Sonda 328 saylı məktəb adından yazıçı-publisist Yunus Oğuza xatirə plaketi təqdim olunub.
“Olaylar” İnformasiya Agentliyinin Mətbuat xidməti