ÖYRƏNİRƏM
Dünya mənim yaşıdımdır,
Mən dünyanın uşağıyam.
Ömür məndən yuxarıdır,
Mən ölümdan aşağıyam.
Bu dünyanı seyr edirəm,
Tale adlı pəncərədən.
Fələk ölü hazırlayır,
Mənim kimi biçarədən.
Ömrü ömrüm qədərdirsə,
Qədər nədən qədir bilmir.
İnsafını Allah kəsib,
Möhlət, aman nədir bilmir.
Bu dünya tək mənzillidir,
Rahat ömür sürən yoxdur.
Qapısında bir giriş var,
Çıxışını görən yoxdur.
Yaşamağı hamı blir,
Yaşanmağı öyrənirəm.
Çox daşıdım, son mənzilə
Daşınmağı öyrənirəm.
TAMAH
Adəmin yediyi buğda dənidir,
Bütün bəlalara təməldir tamah.
İnsanın şeytana uyan günüdür.
Şərin törətdiyi əməldir tamah.
Ondan pöhrələdi əyrilik, yalan,
Düzlük, mənəviyyat edildi talan,
Diddi bir-birini aldanan, alan,
Bəşərin məhvinə yönəldi tamah.
Varlıya, kasıba bölündü bəşər,
Düşdü qarışığa xeyir ilə şər,
Nəfs güc gələndə daşı da deşər,-
Qarından başacan yüksəldi tamah.
Daim fikirləri məşğul edən o,
İnsanı özünə bir qul edən o.
Bütün cinayəti məqbul edən o,
Ürəyə uzanan bəd əldir tamah.
Nə yerdən göyərib, nə göydən enib,
Könüldə doğulub, fikirdə dinib,
Çox zaman, çox yerdə nahaqqa dönüb,
Haqqa, ədalətə güc gəldi tamah.