SÖYLƏYİR
Əlimə toxunan əlinə qurban,
Sevirəm söyləyən dilinə qurban,
Qəlbində desən də çatacaq mənə
O,sözdü qəlbimə, könlümə dərman!
O, sözün çəkisi cahandan ağır,
İstərsən pıçılda, istərsən çığır,
Əzizim, o parlaq, sevən gözündən,
Üstümə elə bil səadət yağır!
Sevirəm söyləyir rəngi gözünün,
Sevirəm söyləyir rəngi üzünün,
Sevgiyə bürünmüş mələk kimisən
Canlı heykəlisən “sevgi” sözünün!
Nə qədər ruhum var sevəcəm səni,
Eşqimin baş tacı edəcəm səni,
İlahi bəxş etsin bizə bir ömür
Vüsalla gül açsın sevda gülşəni!
02.11.2016
SEVGI NAXIŞI
Bu ürəyə, alov düşüb, qor düşüb,
ALovu görünmür, içindən yanır.
Ağlamaqdan gözlərinə tor düşüb,
Damlayan göz yaşı, içinə damır!
Divarı yuxalıb, yoxdu tavanı,
Döyür pəncərəsin sevgi yağışı.
Günəş boylansa da duymur havanı,
Qapısı, bacası sevgi naxışı.
Fikri, düşüncəsi yarı, nigarı,
Bir başqa düşüncə qapısın açmır.
Eşq düşüb qismətə, olub biyarı,
Parlamır qəməri, nurunu saçmır.
Vüsal arzusunda inləyir ürək,
Həsrətə, hicrana tabı qalmayıb.
Özü -öz səsini dinləyir ürək,
Yaxşı ki, Sükuta ürək dalmayıb! !!!
05. 11. 2016