Mətləb verib
Həmişə qayğımla, diqqətimlə mən,
O qədər üzləri ğüldürdüm qağa,
Öz bəxtim üzümə gülmədi, heyif,
Hissimi içimdə öldürdüm qağa.
Könlüm meyl etmədi bərə, bəzəyə,
Ömrümün bəzəyi adım sanımdır.
Tənə vurmadım mən sınmış ürəyə,
Halalıq, dürüstlük tək ünvanımdır.
Kimin cibi dərin, ağlı dayazsa,
Bəyənməz ağıldan güc alanları.
Allah el içində uca saxladı,
Halal zəhmətiylə ucalanları.
Dünyanı dərk edib, duyandan bəri,
Gözümə yolları göründü qəmin.
Ah çəkdim yerindən tərpətdim yeri,
Pislər dörd tərəfin tutub aləmin.
Alnımın yazısı, alın tərimdi,
Əlimin qabarı, fərəhim mənim.
Çoxu sevincindən sığmır dünyaya,
Sevinc göz yaşlarım, bəh-bəhim mənim.
Tək bircə gümanım təbimə gəlir,
Şükür ki, Allahım mənə təb verib.
Hər yazı yazanda, ruhum dincəlir,
Ay Polad, hərəyə bir mətləb verib.
22.11.2016.
Mənə Allah köməkdir
Həm bu günəm, həm dünən,
Boğulsam da, seldə mən,
Amma yenə keçmərəm,
Namərd tikən körpüdən.
Dərd üstümə yeridi,
Ürək yağım əridi,
Diri var ölüyə tay,
Ölü var ki,diridi.
Güvəndiyim o dağın,
Qar aldı hər xoş çağın,
Gözümə kül üfürür,
İşinə bax alçağın.
Verdiyin tam veribdir,
Arzuma kam veribdir,
Şükr edirəm Allaha,
Mənə ilham veribdir.
Polad sərtlik deməkdir,
O, hər kəsə örnəkdir,
Kömək olmaz minnətli,
Mənə Allah köməkdir.
15.08.2014.