Xilas edər bəşəriyyəti
ən qorxunc bəlalardan,
Dünyanı ən böyük
müsibətlərə sürükləyər.
Alovu bir anda ram edər,
Yanar odu körükləyər.
Sevincindən ənginliklər
göy qurşağına dönüşər,
Qəzəbindən iki qara bulud,
İki qara qoça dönüb
bir-biri ilə döyüşər.
Güləndə düzü-dünya,
çiçək açar,
Ağlayanda yer üzü
Nuhun tufanına dönər,
Hərdən sevgisi nifrətə,
nifrəti sevgiyə çevrilər,
Gün olar mələklər
ziyarətinə enər.
Bəzən ağzına qıfıl vursan da
susdura bilməzsən,
Bəzənsə məsum-məsum baxar,
nə danışar, nə dinər.
Bəzən bir kitaba dönər –
Bir anın içində oxuyub
çıxarsan başa,
Bəzən bir səhifəsinin üstündə
aylarla baş sındırarsan,
Sonra da hər şeydən bezib
öz başında daş sındırarsan.
Nə etsən faydası yox,
nə desən faydası yox,
Bir amansız döyüşdü,
üsulu, qaydası yox.
Amma yenə də sevər, sevər, sevərsən,
tükənməz bir eşqlə sevərsən.
Əriyərsən sevincində, sevgisində,
kədərində, nifrətində,
Bəzən özü də mat qalar
yaratdığına
Uca Qüdrətin də…
Bütün bunlara rəğmən,
Qoruyub saxlar
Cənnətin ayaqları altında olma statusun,
Ən uca, ən ülvi adın,
Bəşəriyyətin ən böyük möcüzəsi –
qadın, qadın, qadın…