rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

C Ü C Ə L Ə R İ M

“Uşaq şeirlərim” – silsiləsindən

Ipək kimi yup-yumuşaq,
Mənım qəşəng cücələrim.
Tumarlayır hər bir uşaq,
Mənım qəşəng cücələrim.

Cik- cikləri sevinc yayır,
Bir-birinə çox oxşayır.
Görməyiblər heç çöl-bayır,
Mənim qəşəng cücələrim.

Yup- yumuru sarı yumaq,
Baxmaq ilə olmur doymaq.
Biz nə qədər gen dayanaq?
Mənim qəşəng cücələrim.

Su içəndə baxır göyə,
Dən tökürəm bəlkə yeyə.
İstəyirəm tez böyüyə,
Mənim qəşəng cücələrim.

AĞRI DAĞ

Ey türk torpağının qüdrət simvolu,
Varlığın düşməni əzir, ağrıdır.
Zirvəndən başlanır kəhkəşan yolu,
Yurdun qeyrətisən adın Ağrıdır.

Sıldırım qayalar nəhəngdən nəhəng,
İgid babaların başda börküdür.
Mərd oğlun, mərd qızın qəzəbli pələng,
Qartal avazları mahnı, türküdür.

Köksündə neçə min düyünlü sirr var,
Laçınlar, şahinlər qıyya çəkərlər.
Parlayan ulduzlar qəndil, çıraqlar,
Buludlar çiçəyi şehə bükərlər.

Haçadağ bir ömür qəmini çəkdi,
Külək gətirərdi sənə xəbəri.
Qardaşsız qəlbinə qaranlıq çökdü,
Səndən böyük idi onun kədəri.

Sənə qovuşalı bilmirəm nədən,
Türkün zəfərinə ellər əl çalır.
Sevincdən yatmıram gecə sübhəcən,
Zirvən ucaldıqca düşmən alçalır.

Ağrı, Haçadağa sarılıb deyə,
Dövranam, zamanı alqışlayıram.
Həsrət buxovları qırılıb deyə
Tarixin səhvini bağışlayıram

23.11.2015.