Qərinələr ulu yaşın,
Mənim dünyam, mənim dünyam.
Kimlər olmuş gör sirdaşın,
Mənim dünyam, mənim dünyam.
Nizaminin öz aləmi,
Füzulinin söz aləmi,
Nəsiminin yüz aləmi –
Mənim dünyam, mənim dünyam.
Bir əlində mey dolu cam,
Gəldi-getdi qoca Xəyyam.
Mən də sənə bir qonağam,
Mənim dünyam, mənim dünyam.
Qardaş olsa, qoca bəşər,
Nə qan, nə də qırğın düşər.
Ömrüm, günüm gözəlləşər,
Mənim dünyam, mənim dünyam.
Qoy ucalsın haqqın səsi,
Qanadlansın sülh nəğməsi.
Çiçəklənsin yer kürəsi,
Mənim dünyam, mənim dünyam.
Desin, gülsün körpə balam,
Gözlərində qalmasın kam.
Səndən ötrü narahatam,
Mənim dünyam, mənim dünyam…
Mənbə: Klassik Ədəbiyyat İnciləri