(Xalqımızın ürəyində özünə əbədilik taxt quran,
ölümsüz xalq şairi Məmməd Arazın yaradıcılığına həsr edirəm)
Ömrünün məhsuldar çağları yataqda keçsə də, yenə yazdın, yaratdın! Ürəyinin “dağ kimi qabaran dərdləri” ürəyini yandırıb kösövə döndərdi, üəryinin qabaran atəşi kösövə od vurdu, təzədən oddadı!
Qəlbinin əsil dostu, sirdaşı – respublikamızın xalq həkimi, gözümüzün nuru Hacı Cəfər həkim oldu! Həmd olsun Allaha! Sözün gözəlini seçənlər, doğrusunu yazanlar sənə dayaq durdu, yar oldu!
Ömür-gün yoldaşının – Gülxanım müəllimənin ürəyinin əbədiyyət sevinci əbədi irsinə yenidən həyat verdi, ürəyinin qorxusunu azaltdı! Çünki sənin xəttinin, düzümünün sirrini ondan başqa bir kimsə anlaya bilməzdi! Bu irsi öz xəttiylə vərəqlərə köçürtdü, ibrətkarlar dərs aldı, yurdunun diliylə danışmaq istəyənlər tənində ikinci vətən tapdı!
Qibtəkarlar əzminə, iradənə mat qaldı, heyran qaldı! Həmd olsun Allaha!
Elə bil ki, yol üstündə,
Düşüb qalan Misri qılınc.
Yüyənsiz bir Qırat olub
Onun səsi onu gəzir, onu gəzir!
“Bülbülün səsi” şeirindəki bu heyrətamiz bənzətmələr oxucunu valeh edir. Bülbül sənətinin qüdrətini “Misri qılınc”, “Qırat” kimi böyük mahiyyət daşıyan atributlarla müqayisə edərkən onun ustalıqla yaratdığı Koroğlu obrazı gözümüzün önündə yenidən canlanır. “Koroğlunun monoloqu”nda dahi Bülbülün könülləri şövqə gətirən şaqraq səsi, zəngulələri bu gün belə ruhumuzda qələbə əzmini artırır!
“Qonşu çəpəri” şeirində deyilir:
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb hövürləşəcək.
Bu misralarla sevgisiz yaşamın qonşuluqda mümkün olmadığını, düşmənçiliyin cəmiyyətə hüzursüzluq, bərəkətsizlik gətirdiyini vurğulayır. Şairin hər şeiri oxucuya ibrətamiz mesajlar verir. Fani, keçici dünyada sülh içində, sevinclə yaşamın vacibliyini vurğulayır.
Ulusların ulusu Məmməd Aslana həsr etdiyi “Məmməd Aslana” şeirində şair Araz çayı ilə dərdləşir, Araz çayı dilə gəlib şairə üstündən yol atır, cəsarətlə keç söyləyir!
Şair Araz çayının danışan dili olduğunu, hətta insanlarla dialoqa girdiyini, Yaradanın canlı və cansız – bütün yaratdıqlarında ilahi hikmət və gözəllik olduğunu nəzərə çatdırır.
Şairin şeirlərindəki çarpaz təzadlı ifadə və bənzətmələr, sirli və gizli üslub ilahi qanunların kökündə dayanır, köksündə dil açır! Həmd olsun Allaha!
Hər insan doğulduğu torpağın fitrətiylə yaradılıb, qısaca desəm, insanın fitrəti elə onun vətənidir.
Əgər xalqımızın fitrətində qaya yarmaq şövqü varsa, bu xalq şairin öz sözləriylə desək, o xalq “qaya dibinə çəkilə bilməz”.
Şairin yazdığı “Qəfil” şeirindəki misralara nəzər salaq:
İldırım qəzəblə şığıyır yerə,
Təbiət qaldırır dağ qalxanını.
Nə yer kinayəli baxır göylərə,
Nə göylər Azacıq yerdən utanır.
Bu misralarla şair “Allahın qoyduğu qanunlarda qüsur tapmazsan, onun hər işi bəyəniləndir” mesajını verir oxucularına!
İnsanların başına gələn bəla və müsibətlərdə həm də Allahın iradəsi olduğunu, olacaq hadisələrə təhəmmül etməklə, onları təslimiyyətə çağırır. Xalqın, bütün təbəqələrdən olan oxucuların, televiziya tamaşaçılarının qəlbinə yol tapan Məmməd Aslana həsr etdiyi “Məmməd Aslana” şeirində onun ədəbi irsinə olan heyranlığını belə dilə gətirir:
Qardaş, düzümünün əsiri oldum,
Xəbərim olmadı özümdən mənim.
Sənin çiçəyinə, gülünə baxdım,
Min yarpaq töküldü sözümdən mənim.
Dağlarda izi itən əcdadlarımızın ləpr izini – Məmməd Aslan poeziyasının¬da tapan şair çox sevinir, bunu ömrünə düşən ən böyük bir ənam kimi dəyərləndirir! Nə böyük ürək, nə böyük eşq, həmd olsun Allaha!
Məmməd Aslan poeziyasının qüdrətini, hər kəlməsinin kilidini növbəti kəlməsi açıqlayan, növbəti kəlməsinin kilidinə heç açar tapılmayan bu şairi olduğu kimi dəyərləndirməsi – xalq şairinin öz soykökünə bağlılığının, ruhunun ulusların ruhuyla rabitədə olduğunun göstəricisidir! Həmd olsun Allaha!
Qələm dostu Musa Yaquba həsr etdiyi “Göyərdi” şeirində yazır:
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi?
Həqiqətən, hər görülən işlərə bir damla belə haram qatılarsa o işin xeyir-bərəkəti qalmaz. Haram yeyənlər haram işlər tutar, bu da öz növbəsində yolxucu xəstəlik kimi cəmiyyəti bürüyər…
Sələflərinin yaradıcılığına biganə qalmayan şair canlı və cansız hesab etdiyimiz varlıqların fikir və düşüncələrini, gizli və sirli qalan alt qatlardakı misraların məğziylə, öz fərdi yazı üslubunun diliylə açıqlayır. Bu üslub oxu¬cu¬da böyük heyrət yaradır, onu lal və mat qoyur! Həmd olsun Allaha!
Aşağıdakı misralara nəzər yetirək:
Bu dünyanı hörümçəkdən almışıq –
İlməsini kim atdı bu yanlışın?!
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.
Bu şeirin məğzində Allahın bütün yaratdıqlarında bir nizamın, düzümün olması, elminin hər şeyi əhatə etməsi fikri dayanır. Onun qüdrətinin nişanə və əlamətlərini görməyənlərin naşı olduğunu, gözlərində tor olduğunu demək istəyir, böyük ağıl və təfəkkür sahibi! Həmd olsun Allaha!
Şairin ürəyindəki gözəllik və ünsiyyət həsrəti “Dostlar” şeirində daha aydın nəzərə çarpır. Dostlarsız fikirlərinin “dolaşıq düyüçə”yə bənzədir. İlhamının coşması, şeirlərinin bərəkətlənməsi dostlarının köməyinə bağlıdır. Əhli beyt və sünnət qanunlarına bütün ruhuyla, canıyla bağlı olan şair insanın kainat içində necə böyük əzəmətə malik olduğunu dostlarla təmasda anlayır və bunu təvazökarlıqla etiraf edir. İnsan adlı varlığın və kainatın sirləri dostlarla dialoqda açılır, onlarla hüzur tapır, sevinir, dərdlərinin əlacı tapılır! Bunu həlimli ruhuyla etiraf edir, dilə gətirir! Həmd olsun Allaha, onun tövbəkar quluna!
“İstedad” şeirində deyilir:
Onu bir damla kimi dənizə tullasalar,
Damlalar birləşərək dağ yıxan dalğa olar!
Şair yaradılışın hikmətinə vaqif olmağın sirrini insanların bir-biriylə anlaşma və sülh içindəki təmasında görür. İstedadlı insanların hər ərəfədə yetişmədiyini, onların xalqın milli-mənəvi sərvəti olduğunu yanğıyla dilə gətirir.
Dağ yıxan dalğa olar ucalar ulduz kimi,
Kiminin də gözünə sancılar buynuz kimi!
Həm də “onları qoltuq altında yaşadanlardan” – yəni onları istismar edənlərdən qoruyun! – demək istəyir şair. Həmd olsun doğrunu söyləyib, doğrunu yazanlara!
Şairin bəşəri sevgisi könüllərdəki səbatsızlıq, imansızlıq, dünyadakı xaos səbəbindən əndişədədir. İlahi qanunların pozulacağı təqdirdə atasız qalan qızlarının taleyi üçün ürəyi sıxıntı və qorxudadır. Bu baxımdan “Sizə yetim deyən olsa” şeiri çox böyük mahiyyət daşıyır və cəmiyyətə güclü təsirini göstərir. Şeirlərinin “atalı” olduğunu söyləyərək insanlarəın onlara isti münasibət göstərmələrini, onlarla mehriban davranmalarını arzu edir. Həyat yollarında qızlarından haqsız iradlara qarşı Nəsiminin “inadını” diriltmələrini tələb edir. Ədalət uğrunda dünyanın özüylə döyüşmələrini, onun məhvərini laxladacaq qədər səbatlı olmalarını hər birindən tələb edir. Onları vətənin əmanətləri kimi vətənin oğul və qızlarına tapşırır.
“Planetlər məclisində” tanınmağa ərizə verən şair “Bir dövlətəm” şeirində ağ kağız və qələmi öz bayrağının gerbi kimi tanıdır. Bu dövlətin sərhəddi hüdudsuzdur – deyir, ora giriş azaddır. Şair dünyadakı insanlara, əzəl sevgim, son nifrətim söyləyir!
Söz – Allahın “ol” kəlməsiylə yarandı. Söz bəxş etdi elmi idraka, sevgini ürəyə! Söz dünyanın yaşamı, söz dünyanın ölümü də ola bilər! Lakin əzəl sevgim, son nifrətim söyləyir Allahın qulu, bəndəsi, bəşəri şair!
Allah üçün çalışır, Allah üçün, haqq üçün kükrəyir! Bu gün belə şeirləri, iblis ilə əlbəyaxa döyüşür! Həmd olsun Allaha!
Şairliyin nə qədər çətin və şərəfli bir sənət olduğunu siraətedici təsirə malik olduğunu dünyaya mesajlar vermək baxımından nə qədər məsuliy¬yətli bir missiya olduğunu “Biri mənə şair dedi” şeirində bəyan edir:
Biri mənə şair dedi, dondum yerimdə,
Hər çiynimdən asıldı bir qurğuşun tayı.
Dünya məndən yer istədi bəbəklərimdə,
Elə bil ki, canlı yoxdu məndən savayı.
Dünya canlı olduğundan doğal təbiəti təcavüzə uğradıqca kədərlənir, dərd çəkir. “İblisin ordusu” gücləndikcə dünya onu sevənlərin köksünə sığınır, salehləri gözlərindən tanıyır. Onların bəbəklərində gizlənib güc toplayır, bəbəklərdən çıxmağa heç həvəsi olmayır.
Bəlkə dünya təkcə səni canlı bilib, diri sayıb gözlərində gizlənib?! Həmd olsun Məmməd Arazı vətənə bəxş edən Allaha!
Dünya bu gün dünya dolu ölülərlə qarpışır! Dünyanın diriləri ölülərdən feyz alır, ölülər ölülərlə qarpışır! Allah qorusun! Amin!
Bir ömür yaşadın – torpaq ətirli əkinçi ömrü!
Bir ömür yaşadın – “sel ağzında”, köçəri!
Bir ömür yaşadın – vətəndaş ömrü, qasırğalı, təlaşlı!
Bir ömür yaşadın – ölümü zəhmə salan, iradəli, hökümlü!
Bir ömür yaşadın – qorxusuz, müsəlləh əsgər kimi! Ölümə hazırlıqlı!
Bir ömür yaşadın, aləmi heyrətə salacaq bir ömür, diriykən “diri şəhid” statusu qazandın! Həmd olsun Allaha!
Böyük rəhmət və məhəbbətlə:
Ulduzə Süleyman qızı Nəsir,
respublikanın Əməkdar artisti, şairə, publisist