Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
BİR GÜN GECİKƏRSƏN
Sən bir bəhanə tap, gecik görüşə,
Ürəyim həsrətlə çırpınsın bir az.
Gecik əllərimdə solsun bənövşə,
Qoy məni ağlatsın bu işvə, bu naz.
Axtarsın gözlərim elə hey səni,
Xəyalım dalınca yollara çıxsın,
Gülüm intizarda sən saxla məni,
Gözümdən dünyanın sel, suyu axsın.
Gəldiyin yollara sərim kölgəmi,
Yolların tozu da dəyməsin sənə.
Öyrət bir az mənə həsrəti, qəmi,
Ayrılıq dağ çəksin odlu sinəmə.
Öyrət bu həsrətə, öyrət sən məni,
Sənsiz bulaq kimi çağlasın gözüm.
Gülüm, görməyəndə bircə gün səni,
Sənsiz yaşamağa tablayım, dözüm.
Sevinclə gedirəm hər gün görüşə,
Sənsiz darıxıram qonçə çiçəyim.
Gəlmə sən vaxtında, gəlmə görüşə,
Bir gün gecikərsən, dözməz ürəyim.
QAYIDIM
Torpaq eylə, bir daş eylə sən məni,
Küləklərə yoldaş eylə sən məni,
Qanadlanan bir quş eylə sən məni,
Dağlar, yol ver Cəbrayıla qayıdım.
Övladınam istəyimə yox demə,
Bu həsrəti tökmə daha üstümə,
Qoyma fələk, dursun mənim qəsdimə,
Dağlar, yol ver Cəbrayıla qayıdım.
İstəyirəm yurd-yuvaya gedəm mən,
Çiçək olub bağça-bağda bitəm mən,
Öz arzuma, diləyimə yetəm mən,
Dağlar, yol ver Cəbrayıla qayıdım.
Öyrənmişəm tay yağışa, çiskinə,
Tanrı niyə əzab verir küskünə?
Bu ayrılıq məni qoyub pis günə,
Dağlar, yol ver Cəbrayıla qayıdım.
Ana yurdum, sən anasan, mən bala,
Bu ürəyi od-alova qalama,
Əziz Musa dəli olub az qala,
Dağlar, yol ver Cəbrayıla qayıdım.