12584137_533420616825212_752487860_n

YAXIN GƏL

Hər gecəni xəyalınla yatıram,
Yuxulara yuxuları qatıram.
Dan üzünə həsrətinlə çatıram,
Paltarımda qalıb ətir qoxun, gəl.

Hicranınla od qaladım sinəmdə,
Sənsiz heçəm, qalxıb-enməz sinəm də.
Bu sevgiyə layla denən sinəndə,
Dodağınla yanağıma toxun, gəl.

Sən Tanrıdan mənə düşən payımsan,
Ulduzumsan, Günəşimsən, Ayımsan.
Bu qış vaxtı qəlb qızdıran yayımsan,
Dodağımda eşq nəgməsi oxun, gəl.

Doğmam sənsən, səndən başqa kimim var,
Sən olmasan xəyalları alar qar.
Durar qəlbim, gözlərim də qaralar,
Kənar durma, gülüm mənə yaxın gəl.

21.02.2016

AD GÜNÜN MÜBARƏK

Sən mənə dost oldun, sən mənə sirdaş,
Həm ana, həm ata, həm də ki, qardaş.
Mənimlə yol gedib olmusan yoldaş,
Sən uca zirvəmsən, başında tacı.
Ad günün mübarək, mübarək bacı.

Ağladın mənimlə, güldün mənimlə,
Dərdini danışıb, böldün mənimlə.
Yazda yağışnla, qışda çəninlə,
Bütün dərdlərimin sənsən əlacı.
Ad günün mübarək, mübarək bacı.

Ana yadığarı, ömür bəzəyi,
Ata ərməğanı, qardaş gərəyi.
Sənsən qardaşının vuran ürəyi,
Acısı, şirini, tək ehtiyacı,
Ad günün mübarək, mübarək bacı.