ni

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

EŞQİMİN QIŞ HARAYI

Payız elə gəldi, qış belə getdi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik bu necə dərddi?
Qar da yolumuzu kəsdi bur yandan.

Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən-
Yağıb yolumuzda qoparır tufan.

Bölündük sevginin fəsillrinə,
Eşqimiz baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!

Eh…yenə səbrimin üstünə əsir,
Sənin gətirdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa bu yollarda kimidi ki, duran?!

Məni mənsiz tapan eşqim

Çiçəklərin qönçəsiydi,
Sevgilərin öncəsiydi,
Taleyimin bircəsiydi,
Məni mənsiz tapan eşqim.

Əvvəl-əvvəl qan elədi,
Canımı candan elədi,
Bəxtimlə üsyan elədi,
Məni mənsiz tapan eşqim.

Dağlarımın göy üzüydü,
Hər gecəmin gündüzüydü,
Bəlkə bəxtimin özüydü,
Məni mənsiz tapan eşqim.

Ay halımdan bixəbərlər,
Bilin, nələr çəkdim, nələr…
Məni eylədi ”bəxtəvər”,
Məni mənsiz tapan eşqim.