AĞ TUT AĞACIMIZ VARIDI
Ağ tut ağacımız varıdı,
Meyvəsi qənd-şəkər, balıdı,
Babamızdan yadigardı.
Budaqları elə böyük,
Götürərdi nə qədər «yük».
Yetişib bar verən zaman,
Çırpıb qablara yığardıq,
Qonşulara paylayardıq.
Allahdan babama rəhmət,
Diləyirdi hər tut yeyən.
Tut paylamaq savabını
Qazanardı Zeynəb nənəm.
Tutu qablara yığardı,
Ev-ev mənə payladardı.
Uşaqların gözlərində,
İşıq, sevinc parlayardı,
Mənə mükafat olardı.
Çox sevirdim öz «işimi»,
İndi nənəm, nə ağac var.
Bir nağıla dönüb onlar,
Nənəm ömrün bağışladı,
Ağac kökdən qopammadı,
Biztək qaçıb qınanmadı.
Yurdda qaldı şəhid oldu.
Torpağımız yerlə yeksan,
Azadlıqdan utanıram.
25.04.2014
YALANLARDAN YORULDUM
Kimə inanım?!
Göz yaşımla söz yudum mən,
Bu qadın da yalan dedi.
Üzündən şər oxudum mən,
Süfrəmdə duz-çörək yedi.
Mən dünyadan baş açmadım,
İnanım bəs de, kimlərə?
Söz verib, sözdən qaçmadım,
Misal oldum kişilərə.
Sadəlik başa bəlaymış,
Səmimiyyət ondan betər.
Dünya kirli bir «talaymış»
Burda çiçək çətin bitər.
YALAN DÜNYA
Tüstüsünə qazan asıb,
İstisinə daş qaynadıb,
Qabı qaba taqqıldadıb,
Acı ələ salan dünya.
Bir dən təki bizi əkir,
Sünbül kimi yetişdirir,
Sonra üstdən vəlin çəkir,
Ömrü edir talan dünya.
Dərd paylayır, qada verir,
Alışdırır, oda verir,
İnsanları bada verir,
Qarğalara qalan dünya.
Bizlərdən sirr saxlayaraq,
Gözümüzü bağlayaraq,
Xəlbirləyib, çalxayaraq,
Canımızı alan dünya.
15.08.2014
YANDIM AXI
Aşıq qardaş, bir hava çal, havalanım,
Halay çəksin Kəpəz, Murov, Savalanım.
Səsə gəlsin çalpapaqlı Avey dağım,
Dağlarımın ağsaqqalı Babadağım,
Aşıq qardaş, elə çal ki, havalanım.
Çağırıram hay da vermir,
məndən küsüb Hərtiz dağım,
Zəngəzurun dağlarıtək
qəlbim olub dağım-dağım.
Yanar dağım şahid olub dağlarımın dağlarına,
İndi bildim niyə yanır dilim-dilim Yanar dağım,
Aşıq qardaş, yaxşı çal ki, havalanım.
Gavur deyir: “bizim olub Ağrı dağı,
Biz nəsillər necə aldıq Qarabağı,
Gələn nəsil türkdən alsın Ağrı dağı.”
Aşıq qardaş, tez-tez çal ki, havalanım.
Aşıq qardaş, “Cəngi” çal ki, oyansınlar,
Dəli Domrul, igid Nəbim, qoç Koroğlum.
Misri qılınc şimşək olub şaqqıldasın,
Dolu kimi güllə yağdırsın Aynalı,
Görüm necə əl-qol atır bu erməni dığaları?!
Yandım axı…
24.12.2014