(Rəhmətova Vüsalə Fikrət qızı)
ÇARƏSİZ QADIN
Onun hayqırtısıyla yer-göy titrədi bir an,
Xəyanətə uğramış qadın idi hayqıran.
Sanki hıçqırığıyla nələrsə söyləyirdi,
Səbəbini heç kəsə anlada bilməyirdi.
Baş-başaydı dərdiylə, yox idi bir kimsəsi,
Dərdini söyləyərkən başa düşəcək kəsi.
Ağlayaraq gözündən axan yaşa deyirdi:
“Əlbət tutacaq onu tənha qadın naləsi.”
Söyləyirdi özünə, hər şeyə dözməliyəm,
Alın yazım beləymiş, nə edə bilərəm mən?
Çarəsiz bu həyata eyləsəm də mən davam,
Bu mənasız həyatla bitməyəcəkdir davam.
NİGARANAM
Gözlərim yığışmadı yoldan, oğlum, onu bil,
Həsrət ilə gözlədim səni düz iyirmidörd il.
Hey söylədim bəlkə də o soyuqdadır, qardadır,
Nigaranam, görəsən igid balam hardadır?
Fələk mənə qıymamış səni görmək istədim,
Qismət olmadı amma, fəqət görə bilmədim.
Neçə illərdi mənim qəlbim ahu-zardadır,
Nigaranam, görəsən igid balam hardadır?
Burda çox çarəsizəm, heç nə gəlmir əlimdən,
Yəqin şad olar bir gün ruhum xoş xəbərindən.
Ay ellər, soraq verin bəlkə də o, dardadır,
Nigaranam, görəsən igid balam hardadır?
GÖZLƏRDƏ CƏM OLUBDU…
Pəncərədən baxırsan, hər yan parlayır sənə,
Çox təşəkkür borclusan o gözəl gözlərinə.
Onların işığıdır gecəni aydınladan,
Onları bir möcüzə xəlq eyləyib yaradan.
Gözlər aşkar edəcək ürəyin ağrıyan an,
Gizlədəndə kədəri, sevinəndə yalandan.
Özündə əks edəcək, yaşayacaq qəmini,
Ətrafa göstərəcək xoşbəxt olmayan səni.
Bəzən cəsarət edib söyləyə bilmədiyin,
Bəzən arından bəyan eyləyə bilmədiyin.
Hər şeyi yaxşı görür, seçir ağı, qaranı,
Bir baxışla bildirir dilin yalanlarını.
Gözlərdə cəm olubdu insan kini, nifrəti,
Sevinci, qəm-kədəri, xəyanəti, qüdrəti.
İtirməsin nurunu nə qədər ki, varıq biz,
Qoy sevincdən parlasın o gözəl gözlərimiz.