“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
“Kənardan baxınca ədəbi mühitdə cəmi iki tənqidçi görürəm” – ŞƏFA VƏLİ
Bu dəfə əyalətlərdəki ədəbi prosesdən danışacağıq. Paytaxtla müqayisədə bölgələrdə yazıb-yaradanların bütöv ədəbi prosesdəki rolundan, oradakı yaradıcılıq və dolanışıq durumundan. Müsahibim Gəncədə yaşayıb-yaradan Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü Şəfa Vəlidir. Onunla bölgələrdə fəaliyyət göstərən ədəbi dərgilərdən, nəşriyyatlardan, bir sözlə, ədəbiyyatın özündən danışmışıq.
Şəfa Vəli hafta.az-a müsahibəsində əyalət ədəbiyyatının bir sıra məziyyətlərinə toxunub:
– Bu gün bölgələrdəki ədəbi mühit sizi qane edirmi? Bölgələrdə qəzet və jurnallarda, online media portallarda nəşr olunmaq problem varmı?
– Ədəbiyyatın bölgəsi olmur. Bilirsiniz, ədəbiyyat və bölgə sözləri niyə uyuşmur? Çünki ədəbiyyat özlüyündə dünyadan böyük anlamdır. Bu sözləri hələ 2015-ci ildə yazmışam: “Mən ədəbiyyatı sevirəm. Fərqi yoxdur, ədəbi nümunə bir misra olsun, müəllifi hansısa dünya şöhrətli bir yazıçı olsun, ya da adicə kollec tələbəsi olsun. Ədəbiyyat ədəbiyyatdır, yazı yazıdır, şeir şeirdir, insan insandır. Mən heç vaxt hansısa xarici müəllifi oxuduğum üçün təkəbbürlənməyəcəm. Amma, anamın bir misrasını oxuyub qürurlanacam, Aləmzər Əlizadənin sevimli obrazını-Ruslanı tanımaqla qürurlanacam, “Adı Qəşəm”… adlı kitabı sevəcəm, “Uşaqkən quşlara daş atan oğlan”ın misralarına ağlayacam, “ayağı özündən qeyrətli çıxan” şəhidlərə yas tutacam, “bir məktub gözləyəcəm, bilim ki, ölməmişəm”, “Şamaelin toxumları”nı oxuyub Lamiyəni sevəcəm… Belə, xülasə, “ruhun badəsinə söz süzəcəm”, amma Azərbaycan qızı olaraq!” Burda missal çəkdiyim misraların müəlliflərinə baxaq: Aləmzər Əlizadə Gəncədə yazıb-yaradan gözəl şair və yazıçımızdır. Qəşəm Nəcəfzadə Bakıda yaşayır. Ruslan Dostəli Bərdədə doğulub-böyüyüb. Emin Piri və Sabir Yusifoğlu Sumqayıtda yaşayır. Elçin Aslangil hazırda Türkiyədədir. Taleh Mansur Qazaxdadır… Sizcə, ədəbiyyat inzibati ərazi vahidlərinin – bölgələrin xəritə üzərindəki çizgi-sərhəddini tanıyırmı? Təbii ki, yox! Elə isə biz niyə güclə, boğazından yapışıb ədəbiyyatı hansısa bölgədə “sıxıb saxlamalıyıq”?!
– Bölgələrdə nəşriyyatların vəziyyəti necədir? Keyfiyyətli kitab yayımlayan nəşriyyatlar varmı?
– Türk dünyasının böyük folklorşünas alimi Sədnik Paşa Pirsultanlının ömrünün son illərində nəşr etdirdiyi kitablarının bir çoxunun bədii redaktoru olmuşam. O kitabları biz Gəncədə, şəhər nəşriyyatında dərc etdirirdik. Bu gün həmin kitablar əlimdədir və inanın ki, ehtişamlı təqdimat keçirilən, aylarla gündəmdə qalan kitablardan daha keyfiyyətli, daha sanballı kitablardır. Sadəcə, yaxşı keyfiyyət üçün yaxşı da sərmayə olmalıdır. Təbii ki, o mətbəədə çıxan bütün kitablar Sədnik müəllimin kitabları kimi keyfiyyətli deyildi. Axı, “ucuz ətin şorbası olmur”. Keyfiyyətsiz kitablar kimin günahıdır? – sualını dilə gətirmək isə absurddur. Burda nə mətbəə, nə də müəllif günahkar deyil. Günahkar, birbaşa, dönəmin iqtisadi durumu hesab oluna bilər.
– Sizin bölgədə regional ədəbi mərkəz hara sayılır? Gənc yazarlar tez-tez toplaşa bilirmi?
– AYB-nin Gəncə filialında hər cümə gənclər günü elan olunub. Hər cümə saat14:00-da orda müxtəlif müzakirələr, gənc şairlərin yaradıcılığı, uğurları haqda fikir mübadiləsi aparılır. Bir ildən artıqdır ki, heç bir tədbirdə iştirak etmirəm. Bunun olduqca özəl səbəbləri var. Odur ki, sizə iki il əvvəlin durumundan danışa bilərəm. Mən Gəncəyə gələn yazarları, əsasən, Xan bağında qonaq edirdim… Orda, yaşıllıqların arasında oturub şeir oxumaq, gələcək planlardan, keçmiş uğurlardan danışmaq mənə həmişə xüsusi zövq verib. Çox zaman “ev sahibi” kimi Səadət Ələkbərova da yanımda olardı. Xan bağının şeirli qonaqları sırasında Fərqanə Mehdiyeva, Elçin Aslangil, Eldar İsmayıloğlu, Gülnar Səma, Elməddin Nicat, Ruslan Dostəli, İntiqam Yaşar, Səhər Əhməd də olub. Ümumiyyətlə, Gəncə özü şeir kimi bir məkandır. Burda gənclərin toplaşması və şeirləşməsi üçün heç bir maneə yoxdur, “vaxt azlığından” savayı…
– Əyalətlərdə kitab təqdimatları necə təşkil edilir? Gənc və orta nəsil yazarlarımız yetərincə oxucu toplaya bilirmi?
-Dədə Qəribin -Qərib Mehdinin kitablarını oxucular həmişə maraqla gözləyirlər. Bunu qəti deyə bilərəm. Neçə dəfə köşklərdən onun kitablarını soruşanların “yoxdur” sözünə necə heyfsiləndiklərinin şahidi olmuşam. Yəni, Gəncə ədəbi mühitinin yazarları üçün oxucu problemi olsa da elə də yüksək səviyyədə deyil. Gəncə hamının bir-birini tanıdığı yerdir. Burda kitab təqdimatı etmək paytaxta nisbətən daha asandır. Burda hansısa imzanı təkcə imza olaraq yox, şəxs kimi də tanıyırlar deyə, təqdimat da uğurlu alınır.
– Bölgələrimizdə ədəbi tənqidin durumu necədir?
– Kənardan baxınca mühitdə cəmi iki tənqidçi görürəm: Firəngiz İdrisqızı və Saleh Qurbanov. İkisi də olduqca savadlı, nəzəri cəhətdən əsərin dərinliyinə enə bilən, ədəbi nümunəni zərgər dəqiqliyi ilə incələyə bilən insanlardır. Başqalarını deyə bilmərəm, mən çox istərdim ki, bu iki insanın tənqid hədəfi mənim hansısa şeirim, yaxud hekayəm olsun.
– Paytaxtadı kitab təqdimatlarından nümunələr sizlərə də vaxtında çatdırılırmı? Bakıdan əyalətlərə kitabların göndərilməsi necə təşkil olunur?
– Beyləqanda yaşayıb-yaradan gənc şair Mücirəddin Mübarizoğlu öz ilk kitabını Bakıda nəşriyyatdan götürən kimi birini Gəncə avtobusuna vermişdi. Burdan götürdük. Adətən, DGTYB-nin nəşr etdirdiyi kitablar mənə çatası olur, onu da, əksərən, yolum Bakıya düşəndə götürürəm. Başqa müəlliflərin əksəriyyətindən, ötən bir il ərzində mənə çatacaq kitabları Gülnar Səmaya vermələrini rica etmişəm. Ən etibarlı mənbə kimi, Gülnar Səmadan götürmək çətin olmur.
– Bölgələrimizdə yetərli sayda kitab mağazaları, bukinistlər, kitab evləri fəaliyyət göstərirmi?
– Hələ tələbəlik illərindən “Knyaz Kitab klubu”na üz tutardıq. 2005-2009-cu illərdən danışıram. Sevindirici haldır ki, o mağaza hələ də işləyir. Bir də ötən il “Kitab evi”nin açılışına yaman sevinmişdik. O da bu ilin əvvəlində bağlandı. “Book-kafe”lər isə ağacdan sonrakı göbələk kimi bir də görürsən Cavadxan küçəsində açıldı, reklam-falan. Sevincək gedirsən, deyirlər iki gündü bağlanıb. Ya da Atatürk prospektində açılır, gedib görürsən ki, yerində yeməkxanadı. Hələ bilmirəm ki, Gəncədə, gerçəkdən “Book-kafe” var, ya yox? Ən yaxşısı GDU-nun və ADAU-nun kitabxanalarıdı. Çox zəngin olan bu kitabxanalarda tələbələr istənilən mövzuda kitab əldə edə bilirlər.
– Niyə kitab təqdimatlarında yazarın çevrəsində ancaq tanışları, şair və yazıçı həmkarları, bir də üç-beş oxucudan başqa heç kim olmur. Sizcə yazıçı və şair əhlini kim dolandırmalıdır?
– Bilirsiniz, biz indi oturub dolanışığımıza günahkar axtarırıq, amma etiraf etmirik ki, iki kitabdan sonar özümüzü “dahi” sayırıq. Bizdə nəşriyyatlar və naşirlər hələ o səviyyədə deyil ki, Demi Murun baş rolda oynadığı “Toran” filmindəki kimi 4 milyonluq müqaviləni bir povest üçün imzalayaq. Mənə elə gəlir ki, “peşəkar ədəbiyyat” anlamı da ancaq bizdədir. Bu nə sözdür? Bu nə deməkdir? Bir şair, bir yazıçı necə peşəkar ola bilər ki, kimdənsə yazdığına görə pul tələb etsin? Peşəkar daşyonan usta ola bilər, dülgər ola bilər, dərzi ola bilər. Yaradıcı insan peşəkar ola bilməz. Şair peşəkar olanda “belə” sözünün qafiyəsini avtomatik olaraq tapır: “elə”. Bu, yaradıcılıqdırmı? Poeziyadırmı? Əsla! Yaradıcılıq elə bir prosesdir ki, onun düzgün izahı yoxdur. Və yaradıcı insanların hər biri öz çörəyini qazanmağı bacarmalıdır. 2013-cü ildə “Gənc ədiblər məktəbi”ndə İlqar Fəhmi belə bir cümlə işlətmişdi:-Əvvəlcə ailənizi dolandırmağı düşünün, sonra şeiri. O, şeir yazma demirdi, o, şeirlə yaşamağın namümkünlüyünü izah edirdi. Qaldı, təqdimat məsələsinə. Bu gün təqdimatlar sanki, borc məsələsidir. “Mən getmişəm, o da gəlsin”, yaxud “o gəlib, gərək mən də gedim”. Məncə, problem müəllifin özündə yox, onun çevrəsindədir. Bu çevrə, təqdimata gələndə hər bir sözüylə, ədasıyla müəllifin boynuna “bax, yaxşı bax, mənəm ey, gəlmişəm ey” minnətini qoyur. Beləcə, o cür düşünməyəni də düşünməyə vadar edirlər. Mərd qovulur, namərd olur… Yenə problem dönüb-dolanıb naşir arqumentində mərkəzlənir. Amma, neynək ki, bizdə naşir məsələsi yox səviyyəsindədir…
– Ədəbiyyat saytlarının bugünkü durumu sizi qane edirmi? Saytlar arasında rəqabət qabiliyyəti necədir?
– Kənan Aydın sağ olsun, mənim yazılarımı özümdən xəbərsiz də olsa, pulsuz çap edir. Amma, elə sayt var ki, iki şeiri çap etmək üçün ödəniş tələb edir. Belə “pullu” saytların içində biz də düşmüşük ki, nə var, nə var, şeir yazmaqla məşğuluq, dolana bilmirik. Başqa ölkələrdə müəllifin bir cümləsini çap edəndə ona qonorar ödəyirlər, bizdə müəllifdən pul tələb edirlər. Rəqabət qabiliyyəti isə ancaq və ancaq xəbər saytları arasında mövcuddur. Ədəbiyyat saytlarının adminləri ancaq öz tanıdıqlarını, bayaqkı söz olmasın, öz çevrələrini çap etməklə məşğuldur. Burda hansı yüksək inkişafdan söhbət gedə bilər ki, hələ rəqabət qabiliyyəti də dəyərləndirilsin