Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

İstedadlı şair Ədalət Bədirxanovun «Gül bayramı» poeması barədə qısa qeydlər

Ənənəvi dəyişilmə ədəbiyyatın struktur cəhətidir. Möhtəşəm ucalıqlar bu dəyişilmədə ədəbiyyat fövqünün yüksək məqamı kimi diqqət çəkir. SÖZün aşağı qatlarında böyük müstəvilər axtarmaq da bu məqama qalxa bilmək təsiri verir. Əbəs yerə deyil ki, söz boxçasında zaman gerçəkləri həyat fəlsəfəsi qədər önəmli olan dövlətsevər şair Ədalət Bədirxanovun poeziyasında da yüksəlişə ciddi-cəhdlər sezirik. Zənnimizcə, bədii-ictimai hissi total təfəkkürə əsaslanan şairin mental dəyərlərə örnəklik nümunəsi kimi dəyər verməsi də bu kontekstdən irəli gəlir. Səmimi deyək ki, onun ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi «Gül bayramı» poeması da bu yöndə zəruri, səciyyəvi məğzlər kəsb edir. Yaxşı haldır ki, poemada obraz və motivlər təmiz əxlaqda təcəlladadır…
Əslində, poema Heydər Əliyev siyasi uğurlarına bir ehtiramdır. Müəllif əsər boyu dünya şöhrətli müdrik və uzaqgörən siyasətçi, ötən əsrin və yaşadığımız XXI əsrin nadir şəxsiyyətlərindən olan ümummilli lider Heydər Əliyevin çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi-ictimai fəaliyyətini sanki təhlil etmək məqsədi güdür, Heydər Əliyev kimi unversal siyasətçilərin sözün həqiqi mənasında çox az olduğunu diqqətə çatdırır.

…Vətəni özünə bir yuva sandı,
Xalqa arxalandı, xalqa inandı.
Onun zəhmətinin bəhrəsidir ki,
Müstəqil, suveren, ölkə yarandı…

Müəllif sanki bir daha isbat etmək cəhdindədir ki, ulu öndərimiz öz həyatı boyu gərgin çalışaraq mükəmməl siyasi və ictimai təcrübə qazanıb və bu təcrübə bugünkü Azərbaycan Respublikasının yaranmasında və dövlətçiliyin möhkəmlənməsində özünü qabarıq göstərir.
«Hər gül bir qönçədir, sevgi payıdır» deyən şair söz hikmətində zaman gerçəkliyi ehtiva edir, dürüst məqamların səmərəsini inam və etiqadda eyni müstəvi üzərinə çıxarır. Ümumiyyətlə, onun Heydər Əliyev şəxsiyyətinə verdiyi dəyər varlıqda bir təşəkkül gerçəyi tapmaqdır: biz bunu poemada fəal faktor kimi sezə bilirik.

…Baba unudulmur köçdüyü gündən,
Köçən yadda qalır əməlləriynən.
İnsan var, ömrünü özü yaşadır,
İnsan var, ucalan heykəlləriynən…

Bu misralarda şair insanın varlıq kodeksini öz orbitində axtarır, düşüncələrimizi adi həyat içində qeyri-həyata sövq edir. Bu mənada, poemanı obrazlar aləminə və məntiqi zahirinə görə bütövlükdə həyat və cəmiyyət üçün real ekoloji, texnoloji və mədəni zəmin hesab etmək mümkündür. O mənada ki, Heydər Əliyev siyasi cəhdləri ilə miqyassız fəlakətləri görməyi, qarşısını almağı bacardı. Bu kodeks poemada Baş Obrazın zamanın narahatlığını dərk edən, buna bir əncam qılan varlıq kimi təzahür etdiyinə işarət vurur.
«Gül bayramı» poeması ekstremal şəraiti həyat-tale çıxıntısı olan poemadır. Şair əsər boyu obyektiv idealizmin daşıyıcısı olmaq şansını saxlayır, ictimai fikir və düşüncəsini materializmə zidd tutmur. Buna görə məqsədini inkar ziddiyyətindən qurtarır. Onun əsərdəki bütün təqdimetmələri şəxsiyyətitəsdiqdir. Və təbii ki, qurub-yaradan, həyatını kütlə üçün təhlükələrdə qoyan bir dahinin unudulması həm yolverilməzdir, həm də mümkünsüz…

Hansı bir səhnəyə nəzər salırsan,
Orda bir fəlsəfi fikir tapırsan.
Sən ey ana vətən, ey Azərbaycan,
Sən bütün dünyanın marağındasan.

Dünya ilə ünsiyyət hər ölkə başçısına müyəssər deyil. Müəllif bu kodeksə də poemada ictimai məna verib, obrazını duyğuda, poetik hissdə təzahür edən ictimai mülahizələrlə süsləyib. Və təbii ki, ölkəmizin dünyanın marağında olmasını Heydər Əliyevin uğurlu siyasi cəhdləri ilə isbatlayır. Bu da o anlama gəlir ki, sadə hissdən ədəbi zərurətə cığır aça bilmək Ədalət Bədirxanovun ədəbi meylləridir. Bu meyllərdə həyata baxış, gerçəkliyə inanma kimi hisslər oxucu diqqətini özünə çəkə bilir. Bu kodeksləri müəllifin dövlətə vətəndaş sevgisi kimi də qəbul etmək olar.

Torpaq övladını aldı qoynuna,
Bayraq da baş əydi doğma oğluna.

***
Vətənə bağlılıq atadan qalır,
Xalq vəkalət verdi İLHAM oğluna.

***
Oyan nə yatmısan, oyan yenidən,
İLHAMA ilham ver, sevinsin vətən.
Bəşəri varlıqsan, yerin görünür,
Xalqın sevdasını özün bilirsən!

Poemadakı ədəbi hisslərin bir ünvanı var – Heydər Əliyev ucalığı. Müəllif Baş Obrazının poetik-ictimai məğzini gerçək Vətən amili kimi mənalandırır, oxucunu real hislərə kökləyir və hazırkı rahatlığımızı insanlıq dərki kimi verir. Bu ədəbi ampulada poema bir həyat qaynarlığı da qazanır. Doğrudan da, «Vətənə bağlılıq atadan qalır». Xalqın Heydər Əliyev siyasətinə inamının cənab İlham Əliyevə vəkalət kimi təqdimi bu qaynarlığın bir göstəricisidir. Bu anlamda müəllifin «Bəşəri varlıqsan, yerin görünür, Xalqın sevdasını özün bilirsən!» deməsi çox inandırıcıdır.
Əlbəttə, Heydər Əliyevin yoxluğu ağır dərddir. Lakin onun ardıcılları bu qorxunu içimizdən çıxarmağa müvəffəqdir. Müəllif məhz bu zərurətdən çıxış edərək ölkə başçısının hazırkı siyasi cəhdlərini alqışlayır.
Poemanı bir yaddaş tarixi də hesab edə bilərik. Ədalət Bədirxanov burada reallığa varid olmağın yolunu fəlsəfi uyarlıqla xarakterizə edir, insanı qeyri-yanaşma girdabından çıxarır və onu ictimai varlıq qayəsində kamil özünüdərk kimi təsvirə çəkir.
Poemada bir qabarıq nüans da diqqətimizdən qaçmır: müəllif zahirdə məsum görünən dünyanın daxildə yalançı və zülmkar olduğu qənaətinə gəlir və bu prosesdə əxlaqi dəyəri üstün meyar kimi səciyyələndirir.
Bir sözlə, poemada ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, apardığı islahatların həyatiliyi və faydalılığı əhatəli şəkildə xarakterizə edilir, bu gerçək prosesin təkcə respublikamızda deyil, bütün dünyada geniş əks-səda doğurdığı qürurla vurğulanır.
Poemada Heydər Əliyevin köhnəliyə, ədavətə qarşı ciddi mübarizə aparması, bütün sahələrdə ciddi keyfiyyət dəyişiklikləri etməsi də ədəbi çalarlar kimi əks edir. Həmçinin, belə qənaətə gəlirik ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Elə Ədalət Bədirxanovun da poemada gəldiyi əsas qənaət budur: xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Bəli, doğrudan da Vətənə bağlılıq atalardan qalıb… Və Ədalət Bədirxanovun poemasında bu ənənəvi proses təkcə öz poetik çıxışlarını tapmır, həm də ictimai-bəşəri zərurət kimi örnəklik qazanır.