Bugün işğal olunmuş rayonlarımızın birinə; Zəngilana getmişdim.Zəngilandakı ikimərtəbəli evlər üçmərtəbəli olmuşdu. Yollar da fərqli olmuşdu. Hündür binaların arasında həyət evləri tikilmişdi. Qaldığımız binanın üçüncü mərtəbəsində bizi aparan erməni tərcüməçinin ailəsinin qonağı olduq. Tale elə gətirmişdi ki, uşaqlığımın keçdiyi binada yaşayırdılar.
Deyirəm, “Bu binada yaşamışıq. İkinci mərtəbəsində. İkinci mərtəbədə kimlər yaşayır?” Sualım yersiz idi, ermənidən başqa kim yaşaya bilərdi?
– Türk ailəsi yaşayır- dedi, təəccübləndim. Deyəsən, “türk bizim düşmənimizdir” deyəndə, ermənilər biz azərbaycanlıları nəzərdə tuturdular. Türklərdən də hər il Ermənistana gələnlər az deyildi. Başqa ölkələrdə onsuzda azəri-erməni işbirliyi olurdu.
Xahiş elədim, türk ailəsinin qapısını döydük. Bizi yaxşı qarşıladılar. Gənc ailədilər. Evdə o qədər də dəyişiklik eləməmişdilər.Çıxmamışdan əvvəl atam təzəlikcə təmir eləmişdi evi. Öz əlləriylə!…
Mətbəx şkafımızı necə qoymuşduqsa, elə də qalmışdı.Uşaqlıq xatirələrim yadıma düşdü, gözlərim doldu. Erməni yanımda olmasaydı, əllərimi divarda gəzdirərdim, uşaq kimi ağlayardım. Atamın oynamağımız üçün sonradan genişləndirdiyi eyvanda indi türkün uşaqları oynayırdı. Bu mənə bir az təsəlli vermişdi. Erməni uşaqları qonaq gələndən gələnə oynayacaqdılar.
Qubadlıya da getmək istədim, erməni kimlərlə danışdı, bilmədim, dedi, növbəti gəlişdə mümkündür. İndi yerlər dolub.Turist kimi Zəngilanı xeyli gəzdim, məni pis qarşılayan, sifət edən ermənilərə hirsimi içimdə boğa-boğa göz süzdürürdüm, arxamca erməni dilində nə danışdıqlarını anlamırdım, çiynimi atırdım. Yaxşı qarşılayan ermənilərə isə, gülümsəyib, öz dilimdə ” minnətdaram” deyirdim. Başqa ölkənin vətəndaşı kimi gəlmişdim, hörmətsizlik etməyə nə onların, nə də mənim ixtiyarım yox idi.
Dəniz necə gedib çıxıb o tərəflərə bilmədim. Yəqin, ərəblər kimi süni dəniz yaradıblar.Qayaların üstündən keçə-keçə qayıtmalı oldum.Sonra tərtəmiz suyuyla məni özünə çəkən dənizə düşdüm, ayaqlarım sərinlədi. Sərhəddə ailəmi saxlamışdılar. Sərhəddəki restorandan uzun zəncir uzanıb yolumu kəsirdi. Zənciri götürüb restoran tərəfə atdım, ətrafımı erməni polisləri necə dövrəyə aldılarsa, özümü terorçu kimi hiss elədim. Ailəmi yoxladılar, məndən başqa!…
Məni niyə yoxlamadıqlarını soruşdum.
– Sənə inanırıq,pislik edən adama oxşamırsan?- ermənilərin biri azərbaycanca dedi.
– Guya ailəm pislik edəndir? – soruşdum.
– Düşmən düşməndir!…Restoran sahibinin əmrlərini yerinə yetiririk.
– Restoranın sahibi kimdir?
– Azərbaycanlıdır, adını deyə bilmərəm.
Və mən deməyə söz tapmadım. Deməli, məkanın sahibi həmvətənin də olsa, sərhədi keçdinsə, düşmən düşməndir!
Ölkəmə keçdim, yuxudan oyandım!!!