Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
YARIM
“Könül dəftərim” silsiləsindən.
Yenə tutub naz-nazı,
Sıxıb köksünə sazı.
Bülbül təkin avzsı,
Sözlü, sədalı yarım.
Hər kəlməsi bal dadır,
Gah sevir, gah aldadır.
Sehri sirri xaldadır,
yanaqda xalı yarım.
Kəklik sayağı süzür,
Sözü muncuqtək düzür.
Hər ədası can üzür,
Nazlı, ədalı yarım.
İşvəsindən zövq alır,
Əfsunlanıb mat qalır.
Dövranı dərdə salır,
Şirin qadalı yarım.
SÖZÜ ÇOX
“Düşüncələrim” – silsiləsindən
Dinsizlərdən din, mərhəmət umuruq,
Gerçəklərə gözümüzü yumuruq.
Görmürük ki, kimə dəyir yumuruq,
Ocaq yanır odu bizim, közü yox.
Hamı duyur, hamı görür hər halı,
Bazarında iti atdan bahalı.
Bəxtə düşüb armudların ən kalı,
Kor fələyin baxışı var, gözü yox.
Günümüzdür, günü- gündən qaralan,
Gözümüzdür, öz- özünə toralan.
Yoxsa azmı kirpiyilə qor alan?
Ev- eşiyə boş getməyə, üzü yox.
Həkimləri günlük çörək peşində,
Müəllimləri kərpickəsən işində.
Azmı insan, ruhu- canı dişində?
Ruh ölüdür, can çalışır, özü yox.
Çox kitabım sandıqdadır, əlyazma,
Çoxu deyir bu halları, gəl yazma.
Heçalarda, qafiyədə çox azma,
Çərx fırlanır, Dövran dönür, sözü çox…
SÖYLƏ BƏS NƏDİR
“Könül dəftərim” – silsiləsindən
Soruşsan nədir eşq, nədir məhəbbət?
Insanda bu istək, bu həvəs nədir?
Özünü dərk etmək, eşq, ülviyyət,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Gözlərdən yanağa, yaş şəlaləsi,
Sinəni titrədən,könülün səsi.
Almatək allanan üz ifadəsi,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Qəlb evin müqəddəs məbədi sayan,
Hər ritmi, hər hissi, anında duyan.
Aşiqin sübhəcən, yuxusuz qoyan,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Eşq saçan, cilvəli, işvəli baxış,
Sevdalı, sehirli, xoş ilmə, naxış.
Sevənin canını yandıran yaxış,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Hünərin, zəfərin fövqində duran,
Çaylartək damarda qanı coşduran.
Mehrinə, eşqinə nəğmə qoşduran.
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Şirinçün külünclə qaya, dağ yaran,
Nigarçün əsarət buxovun qıran.
Həcərçün dağlarda büsat, toy quran,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!
Ülfətdən təb alıb,Dövranam demək,
Haqq üçün, eşq üçün, hey qədəm döymək.
Sevdanı, sevinci vəsf edib, öymək,
Məhəbbət deyilsə, söylə, bəs nədir?!…
EL TƏNƏSİ
“Düşüncələrim” – silsiləsindən
Gör nə günə qalıb sevgi, məhəbbət,
Insanların ülviyyəti itibdi.
Yox olubdu ülfət, sevda, sədaqət,
Bağçalarda yaban güllər bitibdi.
Avropaya zillənibdi baxışlar,
Yırtıq şalvar, kəsik tuman dəbdədi.
Korlanıbdır milli buta, naxışlar,
Namus, qeyrət, ülfət pulda, cibdədi.
Oğullar var qulağında sırğası,
Qızlar taxır sünü kirpik, sünü qaş.
Bazar köhnə, dəyişibdir darğası,
Çaş- baş qalıb yurdda əsil vətəndaş.
Toyxanalar, şou- biznes,- məsxərə,
Yumurtadan yun qırxırlar saraylar.
Bir saatda cib soyurlar min kərə,
Toy edənlər imdad deyə- haraylar.
Göbələktək artıb çalıb, oxuyan,
“Xalq artisti” olub hətta züy tutan.
Şeir yazır həllac, corab toxuyan,
Alimimiz- motal, pendir, şor satan.
Biganəlik, laqeyidlik ta bəsdi,
Millət versin arsızlığın dərsini.
Çoxu üçün bu qayğılar əbəsdi,
El söyləsə eşidərlər səsini.
Müdrük sözü, el tənəsi çağlasın,
Dövran görsün kəsərini, gücünü.
Yad ünsürlər şüvən salsın, ağlasın,
Bu millətin zövqü alsın öcünü.
BİL QONAQÇINAM
“Düşüncələrim” – silsiləsindən
Özüm də bilmirəm nədəndir görən,
Baharda fərəhli, qışda susqunam.
Hisləri özünə düz yol göstərən,
Zirvədən yol alan qarlı uçqunam.
Səbrə, nəsihətə hey qulaq asıb,
Bir ömür yaşadım fərəhdən kasıb.
Fələyin gözünə qızmar köz basıb,
Dərdi- sər çölündən qaçan qaçqınam.
Artdıqca saçların bəyazı, dəni,
Könül mərhəm seçdi özünə səni.
Yaşat xəyalında olub- keçəni,
Fani dünyandakı tək soraqçınam.
Ağıl yaşda deyil, başdadır- başda,
Allah istəyərsə gül bitər daşda.
Fitrət sahibiyəm mən də bu yaşda,
Aqillər başında tac, araqçınam.
Gəl fani dünyaya uyma, inanma,
Həyatı özünçün əbədi sanma,
Sənə haqq qoyanın haqqını danma,
Rahilə Dövranam, bil qonaqçınam…