***
Nəzirim var gəlişinə, sevdiyim,
Qədəmlərin dəyən yerə baş qoyum.
Çən-çiskinə dönüm yolla sürünüm,
Rastına çıxanda bir pəri olum.
Nəzirim var sevənlərin pirinə,
Sevən, sevilən də özüm olaydım.
Sözüm keçmir ürəyimə, səbrimə,
Dilərdim, anadan dözüm olaydım.
Nəzirim var vüsalına yetəndə,
Kor olam, gözümü qurban demişəm.
Dünya qurbanlığa quzu kəsəndə,
Mən sənə özümü qurban demişəm.
Xəzan gülü
Payızda gəldin ömrümə,
Payızda getmə, nə olur.
Sənsizliyi taleyimə,
Xəzəltək tökmə nə olur.
Ağlasam, özüm oluram,
Güldür, olum istədiyin.
Ayrılsan, dözüm oluram,
Getmə, yoluna küsdüyüm.
Bu payızın gülüyəm mən,
Rəngim sarı, qönçəm yarı.
Yarpaqların diliyəm mən,
Nəğməm sarı, ömrüm yarı.
Sarı güllər ayrılığın,
Rəmziymiş, söylədin mənə.
Payız yazdığım nağılın,
Özüymüş, söylədin mənə.
Getdinsə, götür özünlə,
Xatirən nəyimə gərək.
Bu xəzanda bu gülü də,
Sevməyə bir ürək gərək.
Səni sevmək
Dünyanın yarısıdı,
Süleymanın qarısıdı.
Bəxt gülünün sarısıdı,
Səni sevmək…
Utanan bir üz tapmaqdı,
Ömrə əbədi qonaqdı.
Quş qanadında uçmaqdı,
Səni sevmək…
Ziyanın yarısı kardı,
Sevən sevilənə yardı.
Xəyalda da bəxtiyardı,
Səni sevən.
Qonaqlı-qaralı ömrüm,
Sevdası qaralı ömrüm.
Günahlı, qaralı ömrü…
Səni sevən…
***
Sənsizliyi yaşayıram, qram-qram…
İtirsəm ölərəm dedim,
Dəliyə dönərəm dedim.
Sən demə, yalançı idim,
İndi bildim.
Dəli də ola bilmədim,
Dəlilərə qarışmadım.
Nə qismətimdən küsmədim,
Nə taleylə barışmadım.
Bu dünyaya daha mən də,
Bir ulduz gözüylə baxıram.
Günəşin kölgəsində,
Gecələr aya baxıram.
Sənsizliyi yaşayıram, qram-qram…
***
Ürəyimdən sən keçirsən, ağır-ağır,
Addımların ayrılığın dərd yükündən daha ağır.
Ayaq izlərin həsrətə aparan cığır…
Arzularım nəmlənib gözlərimdə,
Səadətim ələnib gözlərimdə,
Qulağıma təsəlli cümlələri,
Ürəyimə ümidsizlik yağır…
Ürəyimdən sən keçirsən…
Əlində sevginə büküb,
Məndən gizlətdiyin qəm keçirsən, ağır-ağır.