mm

Dünyanı salıbdır nəzərimdən anasızlıq,
Min dərd keçiribdir üzərimdən anasızlıq.

Həsrətdən ürək çırpınır atəşlər içində,
Çıxmaz nə yadımdan, nə sərimdən anasızlıq.

İnsafı olaydı azacıq taleyimin kaş,
Başdan silinəydi qədərimdən anasızlıq.

Etmiş məni ahu kimi ağlar bu yaşımda,
Sonsuzdur, böyükdür kədərimdən anasızlıq.

Əhvalımı sorsan deməyə söz tapa bilməm,
Onsuz da yağır tər-təhərimdən anasızlıq.

Həsrətlə keçən günlərimin yoxdur hesabı,
Boylanmadadır hər səhərimdən anasızlıq.

Bihudə deyildir dözümün yaşı durulmaz,
Dolmuş içimə öz qəhərimdən anasızlıq.

Qəlbimdə, Müzəffər, əbədi sızlayacaqdır,
Daim anasızlıq, anasızlıq, anasızlıq.