mm

1993-cü ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən könüllü birinci Qarabağ müharibəsinə getmiş, tankçı, Ağdam rayonunun Gülablı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşub tankı ilə birgə yanıb şəhid olmuş Haqverdiyev Mehman Əbülhəsən oğlunun əziz xatirəsinə.

Sən nurlu könüllərdə yanar bir ada döndün,
Eşqindən alıb çınqını sönməz oda döndün,
Sınmış ana qəlbində inildər uda döndün,
Çatdın əməlinlə əbədi şöhrətə, Mehman!

Düşmənlərə qan udduraraq heyfini çıxdın,
Qarşındakı səngərləri, sərhədləri yıxdın,
Ön cərgədə atəş kimi, şimşək kimi çaxdın,
Mat qaldı hamı səndəki bu qeyrətə, Mehman.

Aldın Vətənin çağrışını, əmrini, getdin,
Sən qoşdun ölümsüzlüyə öz ömrünü, getdin.
Xalqın qələbə arzusunu işdə göyərtdin,
Ellər də inandı bu böyük qüdrətə, Mehman.

Yoxdursa məzarın, adına məskən ürəklər,
Arzun, diləyin, məsləkin hər qəlbdə çiçəklər,
Səndən nur alan cümlə nəsillər səni bəklər,
Layiqdir adın hər məqama, hörmətə, Mehman!