Qubadlının işqalından 20 il ötür

“Doğma yurd-yuva həsrəti” silsiləsindən

YADIMA DÜŞÜBDÜ

Yurd-yuvamda keçirtdiyim hər günüm,
Ötüşən il, ay yadıma düşübdü!
Bir səs olcaq ayağından başacan,
Kəndə düşən hay yadıma düşübdü!

İşdən-gücdən yorğun-arğın qayıdıb,
Dincələrdik körpələri oynadıb.
Qapımızda samavarı qaynadıb,
Dəmlədiyim çay yadıma düşübdü!

Neçə vaxtdı bir dərd əyib qəddimi,
Bölə bilmir köhnə qonşum dərdimi.
Düşünürəm viran qalan kəndimi,
Başdan-başa tey yadıma düşübdü!

Demə orda yaşamışıq bəy kimi,
İndi burda dolaşırıq səy kimi…
El yığışıb götürdüyü toy kimi,
Qapımdakı vay yadıma düşübdü!

Ov etdiyim dərələrdə hənirti,
Kol dibindən qopartdığım göyərti,
Hərlədiyim yeddi nömür kərənti,
Qatladığım lay yadıma düşübdü!

Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
Hardan alım Qoç Nəbini, Həcəri?!
Göz yaşımdı Bərgüşadla Həkəri,
Baş vurduğum çay yadıma düşübdü!

Kəndimizdə “toybaşı”ydı üç nəfər,
Həsənalı, Həsənqərə, Qəzənfər…
Qara zurna nazlanardı bəxtəvər,
O “Yallı”lı toy yadıma düşübdü!

Gül açmadı ta Qafqazın dediyi,
Zəhər oldu neçə vaxtdı yediyi…
Qonşuların qonşulara verdiyi,
Göndərdiyi pay yadıma düşübdü!!

2005.